CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə üzrə bütün mənzil fondunun ümumi sahəsi son iyirmi il ərzində 1,6 dəfə artıb

Əhalinin hər 10.000 nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Belarus (49) və Qazaxıstanda (62) olduğu halda Azərbaycanda bu göstərici 2018-ci ildə 16,6 mənzil təşkil edib.
Sputnik
BAKI, 7 iyul — Sputnik. ”Korrupsiyaya qarşı mübarizə üzrə 2022─2026-cı il Milli Fəaliyyət Planı”nda “tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi” vəzifəsi müəyyən olunub. Eyni zamanda, 2022-2024-cü illər ərzində müvafiq dövlət-hökumət qurumları “vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin toplanılması” işini həyata keçirməlidir. Ümid edirik ki, bu tədbirlərin həyata keçirilməsi tikinti sahəsində mövcud problemlərin aradan qalxmasına kömək edəcək.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc STM, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosasiyasının birgə təşkil etdiyi “Tikinti sektoru subyektləri arasında vahid müqavilə formalarının tətbiqi və bu sahədə mübahisələrin Mediasiya vasitəsilə həlli” adlı konfransda çıxışı zamanı deyib.
Z.Oruc bildirib ki, SSRİ-nin süqutundan sonra təkcə sosial-iqtisadi tənəzzül deyil, eləcə də mənzillə təminat sahəsində mənfi tendensiyalar 1995-1996-cı illərdə səngiməyə başladı və ölkə üzrə mənzil şəraitinin inkişafında 2000-ci illərdən etibarən yüksələn dinamika müşahidə olundu: “Rəqəmlər deyilənləri təsdiqləyir. Belə ki, 2000-ci illərdə istifadəyə verilən yaşayış sahəsi cəmi 487 min m2 təşkil etdiyi halda, bu göstərici 2005-ci ildə 1583 min m2, 2015-ci ildə 1932 min m2, 2020-ci ildə 5224 min m2 təşkil edib.
Sovet dövründə istifadəyə verilən yaşayış yerlərində kəndlərin əhəmiyyətli həcminə baxmayaraq, hazırda bu tendensiya əksinə çevrilib və bu sahədə artım daha çox şəhərlərin hesabınadır. 1990-cı ildə istifadəyə verilən yaşayış sahələrinin 45.5%-i şəhərlərdə, 54.5%-i kənd yerində olduğu halda, 2020-ci ildə 90.3%-i şəhər yerində, 9.7%-i kənd ərazilərində olub”.
O bildirib ki, ölkə üzrə bütün mənzil fondunun ümumi sahəsi son 20 il ərzində 1,6 dəfə artıb: “2003-cü 125 milyon m2 təşkil edən bütün mənzil fondu, 2022-ci ildə 200.7 milyon m2-ə bərabər olub. Şəhər ərazi vahidləri üzrə artım 2 dəfə, kənd ərazi vahidləri üzrə 1,5 dəfə artım deməkdir. Əhalinin hər nəfərinə düşən mənzil sahəsindəki dinamikanı nəzərdən keçirdikdə, artım 1,4 dəfə olub.
Son 10 il ərzində orta hesabla əhalinin hər nəfərinə düşən sahə, mənzil və ev sahəsi 17.6 m2-dən 20 m2-ə çatıb. İqtisadi rayonlar üzrə bu istiqamətdə ən yüksək artım Abşeron-Xızı, ən az Mil-Muğan iqtisadi rayonları üzrə qeydə alınıb”.
“Dövlət hesabına əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və mənzillərin güzəştlə əldə edilməsi sahəsində görülən tədbirlər nəticəsində dövlət hesabına mənzil alan və yaşayış şəraitini yaxşılaşdıran ailələrin sayı 2000-ci ildə 1758 ailə olduğu halda, 2021-ci ildə 3258 ailəyə çatıb.
Mənzil fondunun qazla təminatı son 20 ildə 82,0%-dən 95,8%-ə, su xətti ilə təminatı 60,7%-dən 85,1%-ə, kanalizasiya ilə təminatı 42,1%-dən 81,9%-ə çatdırılıb”, - deyə o əlavə edib.
Sədr qeyd edib ki, Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatlarına görə, daşınmaz əmlak üzərində aparılmış dövlət qeydiyyatının 15,3%-i ilkin qeydiyyat, 84,7%-i isə təkrar qeydiyyat olub: “Son 10 il ərzində təkrar qeydiyyat göstəricilərinin sayı 4,5 dəfə artarkən, ilkin qeydiyyat göstəriciləri 2,9 dəfə artıb”.
O qeyd edib ki, tikinti obyektləri ilə bağlı Prezidentin bu ilin may ayının 1-dən qüvvəyə minən son sərəncamından sonra növbəti addım məhz yaşayış sahələri ilə bağlı olacaq: “Tikinti bumu neft gəlirlərinin artması ilə mütənasiblik təşkil edib. Belə ki, 2000-ci ildən ölkəmizin bütün şəhərlərində tikinti sektoru canlanıb və nəhayət, Azərbaycanın qeyri-neft sektorunda 2022-ci ildə ən böyük - yəni ÜDM-də 6 faizə yaxın olub. Lakin biz bir sıra digər problemlərə diqqətimizi yönəltməliyik. Məsələn, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi bir rəy sorğusunun nəticələrinə görə, ölkəmizin üç ən böyük şəhərində - Bakı, Sumqayıt və Gəncədə vətəndaşların 58%-i istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşıb. Onların 23%-i son 30 il ərzində tikilən binalarda yaşayır. İştirakçıların 19%-i yaşadığı binanın yaşı barədə məlumatsız olduğunu bildirib ki, onların da əksəriyyəti köhnə binalarda məskunlaşanlardır. Başqa sözlə, istismar müddəti 30 ildən yuxarı olan binalarda məskunlaşanların sayının qeyd olunan göstəricidən daha yüksək olması istisna edilmir.
- Bakı şəhəri üzrə sorğuda iştirak edənlərin 26%-i, Gəncə şəhəri üzrə 18%-i son 30 il ərzində inşa edilmiş binalarda yaşadığını qeyd etdiyi halda, Sumqayıt şəhəri üzrə analoji göstərici cəmi 7% təşkil edib.
- İştirakçıların 44%-i istismar müddəti 30 ildən 60 ilə qədər olan, 13%-i 60 ildən yuxarı olan binalarda məskunlaşıb. Həmçinin 7%-i son 10 il ərzində, 16%-i 10 ildən 30 ilə qədər müddətdə tikilmiş binalarda yaşayır.
- Rəy sorğusunda iştirak edənlərin 9%-i iki-dörd mərtəbəli binalarda, 39%-i beş mərtəbəli binalarda, 1%-i altı-yeddi mərtəbəli binalarda, 31%-i doqquz mərtəbəli binalarda məskunlaşıb. Həmçinin iştirakçıların 9%-i 10-14, 11%-i 15-24 mərtəbəli binalarda yaşayır”.
“Qeyri-rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir. Nəzərə alsaq ki, hər vətəndaş minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stres və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır”, - deyə sədr əlavə edib.
O qeyd edib ki, tikinti sektorunun satıcı və ya icraçı funksiyasını yerinə yetirən bütün subyektləri tərəfindən mülki hüquq münasibətlərin rəsmiləşdirilməsi zamanı vahid müqavilə formasından istifadə edilməsi bu sektorun inkişafına, eləcə də dövlət qurumlarının və məhkəmələrin fəaliyyətinə aşağıdakı müsbət töhfəsini verəcək:
“Vahid müqavilə forması tətbiq ediləcəyi halda bu müqavilələrin notarial qaydada təsdiq edilməsi imkanı mövcud olacaq. Bu isə bir sahənin bir neçə şəxsə satılması kimi illərdir mövcud olan problemi aradan qaldıracaq;
Alıcı qismində çıxış edən şəxslərin (fiziki (vətəndaşlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər) aldadılması halları aradan qalxacaq;
Keyfiyyətli xidmət göstərmək əvəzinə alıcıları aldatmaq məqsədləri olan tikinti sektorunun subyektləri tərəfindən vahid müqavilə formasının tətbiq edilməməsi cəmiyyətdə inamsızlıq yaratmaqla onların sıradan çıxmasına və etibarlı şirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək;
Vahid müqavilə formasının tətbiqi nəticəsində alıcı qismində çıxış edən şəxslər tərəfindən aldadıqları barədə dövlət qurumlarına edilən şikayətlərin sayı kəskin azalacaq;
Vahid müqavilə formasının tətbiqindən sonra bu tip müqavilələr üzrə vahid məhkəmə təcrübəsi formalaşacaq, işlərə baxıl müddəti qısalacaq və eyni xarakterli işlər üzrə müxtəlif qərarların qəbul edilməsi problemi aradan qalxacaq;
Vahid müqavilə formasının tətbiqi nəticəsində mübahisələrə məhkəmədən öncə mediasiya prosesində baxılması imkanı yaranmış olacaq;
Vahid müqavilə formasının tətbiqi nəticəsində gələcəkdə həmin sahələrə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması prosesi sadələşmiş olacaq”.