BAKI, 6 iyul — Sputnik. Aparıcı güclər çalışır ki, insanlığı geriyə doğru aparsınlar. Halbuki müasir dövrdə azadlıq, fundamental hüquqların təminatı əsas istiqamət olmalıdır.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" tədbirdə politoloq Tofiq Abbasov bildirib.
Onun sözlərinə görə, rəsmi Paris dəniz ölkələrinə qarşı bilərəkdən müstəmləkəçi siyasətini gücləndirir. Ona görə də, bu kimi mövzular həmişə gündəmdə qalmalıdır. Geri qaytarılması istənilən müstəmləkəçilik siyasətinə qarşı birgə müqavimət göstərilməlidir.
"Biz bunu birgə səylərlə edə bilərik. Təsadüfi deyil ki, onunla bu prosesdə həmrəy olan qüvvələr müharibələr aparırlar. Bu müharibə informasiya cəbhəsində baş verir. Həmin ölkələr doğru sözü deyən jurnalistləri təqib edirlər. Bugünkü reallıqları əks etdirən fikirləri gözardı etməyə çalışırlar. Bu baxımdan informasiya cəbhəsində müharibəyə daim hazır olmaq lazımdır" - politoloq əlavə edib.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir. Burada Fransadan və onun bir sıra xarici ərazilərindən - Yeni Kaledoniyadan, Fransız Polineziyasından, Fransız Qvianasından, Martinikadan, Uollis və Futunadan, həmçinin Solomon adalarından yüksək vəzifəli məmurlar və siyasətçilər iştirak edirlər. Onlar öz çıxışlarında qeyd ediblər ki, Fransa öz keçmiş müstəmləkələrinin sakinlərinə quldarlıq dövründəki kimi yanaşır, neokolonial siyasət yürütməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.