MƏDƏNİYYƏT

İlham Əliyev Tamara Sinyavskayanı təltif edib

Tamara İlyiniçna Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib
Sputnik
BAKI, 6 iyul — Sputnik. Tamara Sinyavskaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Tamara İlyiniçna Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Məlumat üçün bildirək ki, Tamara Sinyavskaya 80 illik yubileyini qeyd edir. Dramatik mezzo-soprano sahibi öz adını əbədi olaraq sənət tarixinə yazıb. Onu dünyanın ən böyük konsert salonlarında alqışlayıblar və onun vokal texnikası virtuoz hesab edilib.
Məşhur opera müğənnisi 1943-cü il iyulun 6-da Moskvada anadan olub. Onun atasının kim olduğu məlum deyil, Tamara onu heç görməyib. Onu anası Mariya Sinyavskaya böyüdüb. O, qızının ac qalmaması üçün istənilən işdə çalışır. Artıq 10 yaşında Tamara xorda oxumağa başlayır, 20 yaşında isə o, konservatoriya təhsili olmadan Böyük Teatrının səhnəsində karyerasına başlayır. Onun karyerası yüksəlməyə başladıqda tezliklə gənc qız müğənni truppanın əsas heyətinə daxil olur və əsas partiyaları ifa etməyə başlayır. Beş ildən sonra isə dünyanın ən yaxşı opera teatrları onu dəvət etməyə başlayır. Sinyavskayanın xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib: 1982-ci ildə o, SSRİ xalq artisti, mətbuat tərəfindən isə "milli sərvət" titulunu qazanıb. Daha sonra Azərbaycanın xalq artisti olub.
1972-ci ildə müğənninin həyatında ən mühüm görüş baş verir - opera ulduzu misilsiz baritonun sahibi, milyonlarla sovet dövrünün qız və qadınının xəyal etdiyi yaraşıqlı Müslüm Maqomayevlə tanış olur. Bu hadisə Bakıda Rusiya incəsənətinin festivalının keçirildiyi yerdə baş verir və gecələrin birində Robert Rojdestvenski Müslüm və Tamaranı tanış edir. 1974-cü ilin noyabrında Tamara Sinyavskaya və Müslüm Maqomayev evliliyə addım atırlar, toy iki dəfə keçirilir. Birincisi Moskvanın "Bakı" restoranında, ikincisi isə Müslümün vətənində Bakıda baş tutur. Azərbaycan KP MK-nın birinci katibi, Maqomayevin böyük dostu Heydər Əliyev bu münasibətlə xidməti bağını onlara təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.