İQTİSADİYYAT

"Kredit büroları haqqında" qanuna hansı dəyişikliklər olub?

Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməlidirlər.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kredit büroları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatların fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim edilməsi ilə bağlı edilmiş dəyişiklik qüvvəyə minənədək müvafiq nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər kredit tarixçəsi subyektinin razılığı alınmadan aktiv müqavilələr üzrə (alıcı tərəfindən ödənişi tam icra edilməyən) kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməlidirlər.
Bu tələb qəbul ediləcəyi təqdirə qanunun dərc edildiyi gündən üç ay sonra qüvvəyə minəcək.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə Nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) tərəfindən kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
"Dövlət satınalmaları haqqında" qanunun müddəaları nağd xarici valyutanın alınması və daşınmasına şamil edilməyəcək. Layihəyə əsasən, "Dövlət satınalmaları haqqında" qanunun müddəaları Mərkəzi Bankın bu Qanunda nəzərdə tutulmuş məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar aşağıdakı satınalmalarına şamil edilmir:
- kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;
- beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;
- nağd xarici valyutanın alınması və daşınması;
- nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən qiymətləndirilməsi qaydası dəyişir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan fərq Mərkəzi Bankın kapital ehtiyatlarında əks olunur. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur.
Layihəyə əsasən isə manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Mərkəzi Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir (reallaşdırılmamış gəlir) yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid ediləcək və Mərkəzi Bankın kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmayacaq. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərər əvvəlki dövrlərdə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödəniləcək, bu ehtiyatlar kifayət etmədikdə isə Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.