BAKI, 6 iyul — Sputnik. Fransa imperializminə qarşı birləşməyə və Yeni Kaledoniya xalqının səsinin eşidilməsi üçün bütün təşəbbüsləri göstərməyə hazırıq.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" tədbirdə Yeni Kaledoniyanın Milli Azadlıq Cəbhəsinin lideri Rok Vamiton bildirib.
Vamiton qeyd edib ki, 30 ilə yaxındır müstəmləkəçiliyin ləğv edilməsi prosesinə başlayıblar:
"Bütün bu illər ərzində beynəlxalq təsisatlarda bu məsələni gündəmdə saxlamağa çalışmışıq. Fransa Yeni Kaledoniyanı müstəmləkə altında saxlayır və beynəlxalq hüquqa hörmət edən model ölkə deyil".
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir. Burada Fransadan və onun bir sıra xarici ərazilərindən - Yeni Kaledoniyadan, Fransız Polineziyasından, Fransız Qvianasından, Martinikadan, Uollis və Futunadan, həmçinin Solomon adalarından yüksək vəzifəli məmurlar və siyasətçilər iştirak edirlər. Onlar öz çıxışlarında qeyd ediblər ki, Fransa öz keçmiş müstəmləkələrinin sakinlərinə quldarlıq dövründəki kimi yanaşır, neokolonial siyasət yürütməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.