BAKI, 6 iyul — Sputnik. "Burada nazir müavini Rasim İsmayılov dedi ki, şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılır və bu, dərmanların keyfiyyətinin aşağı olmasına təsir edir. Bu, belə deyil".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, nazirlik bunun səbəbini araşdırsın: "Bu dərmanlar başqa yollarla gəlir. Yaxşı olar ki, siz onu araşdırasınız. Keyfiyyətsiz dərman gəlirsə, onun başqa mənbələrini axtarmaq lazımdır. Biz komitədə keçirilən müzakirədə də insanların şəxsi istifadə üçün dərman gətirməsinə mane olunduğu halları qeyd etmişdik. Bir insan özü üçün 3 qutu dərman gətirirsə, onun 2-ni keçirməyə qoyurlar. Bu hallar aradan qaldırılmalıdır. Dərmanların keyfiyyətinin aşağı olmasına səbəb olan başqa hallar araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər araşdırılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil".
Spiker Sahibə Qafarova qeyd edib ki, Rasim İsmayılov nazirlik tərəfindən belə halların olduğunu etiraf edir: "Mən də təklif etdim ki, bizə bu barədə məlumat versin".
Rasim İsmayılov isə bildirib ki, o, çıxışında keyfiyyətsiz dərmanların apteklərdə satışının olduğunu deməyib: "Apteklərdə belə hallara çox cüzi rast gəlinə bilər. Çünki apteklərdə mütəmadi yoxlamalar keçirilir. Aparılan tədbirlərlə bağlı sizə məlumat verəcəyəm".
Rasim İsmayılov həmçinin deyib ki, Azərbaycan xaricdə olan dərman istehsal edənləri ölkəyə cəlb edir. Onların arasında azərbaycanlı istehsalçılar da var:
"Dərman vasitələrinin qiymətləri ilə bağlı qanuna dəyişiklikdə nəzərdə tutulan müddəalarla həm çeşid bolluğunu, həm də ucuz qiymətli dərmanların ölkədə artmasını hədəfləmişik. Digər tərəfdən, elektron resept ölkəyə keyfiyyətsiz dərman vasitələrinin, bioloji qida əlavələrinin istifadəsini mümkünsüz edəcək. Elektron reseptlərin tətbiqi antibiotiklərin reseptsiz satılmasının da qarşısını alacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.