CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daxili İşlər Nazirliyindən mühüm xəbərdarlıq

5 ayda qaydaları pozan 109 motosiklet, 918 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) motosiklet və moped idarə edən şəxslərə xəbərdarlıq edib.
NİİM-dən Sputnik Azərbaycan-a daxil olan xəbərdarlıqda deyilir:
"Motosiklet və moped idarə edən şəxslərin bir çoxu yollarda necə gəldi hərəkət edirlər, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında onlar tərəfindən törədilən qayda pozuntularını təhlil edib.
Məlum olub ki, motosiklet və moped idarə edən bəzi şəxslər əsasən işıqforun qırmızı işığından keçməklə yanaşı, əks istiqamətdə hərəkət etmə, manevr etmə qaydalarını və nişanlanma xətlərinin tələblərini pozmaqla yollarda təhlükəli vəziyyət yaradırlar. "Yol mənimdir, istədiyim kimi hərəkət edərəm" fikri ilə yollarda sürücülərə qəza şəraiti, piyadalara isə təhlükəli vəziyyət yaradan belə şəxslər "Yol Hərəkəti Haqqında" qanunun tələblərini kobud şəkildə pozurlar.
Müşahidə kameralarının qeydə aldığı görüntülərdən o da aydın olub ki, qaydalara əməl etməyənlər daha çox kuryer xidməti göstərənlərdir. Onların bağlamaları sürətli çatdırmaq istəyi çox vaxtlarda qayda pozuntusuna və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Təbii ki, qayda pozuntuları diqqətdən kənar qalmır.
Belə ki, cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib. Lakin onlar yol hərəkəti qaydalarına düzgün riayət etsələr, cərimə olunmamaqla yanaşı, heç kimin həyatı üçün təhlükəli vəziyyət yaratmazlar".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.