CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillərin parklanma qaydaları və tariflər müəyyənləşdirib - Detallar

Elməddin Muradlının sözlərinə görə, işləyən şəxslərə də ərazi üzrə parklanma üçün güzəştlər tətbiq edilməlidir. Əks halda onlar 8 saat üçün 8 manat vəsait ödəmək məcburiyyətində qalacaqlar.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib.
Bu barədə məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş parklanma yerlərinin tarifləri ilə bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib.
Qeyd edək ki, bir müddət öncə Nazirlər Kabineti nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydalarını təsdiq edib. Qərardan belə məlum olur ki, parkinq qiymətləri Bakının mərkəzində 1 saata görə 1 manatdan başlayaraq, mərkəzdən kənar zonalara keçdikcə, 70, 40, 30 qəpik müəyyənləşdirilib. Qərar yaxın 30 ayda qüvvəyə minəcək. Bu aydan etibarən şəhərin mərkəzi hissəsindəki yolkənarı dayanacaqlardan istifadə etmək istəyən avtomobil sahibləri gün ərzində ən azı 2-3 manatlarından keçməli olacaq.
Yeni təsdiqlənmiş qərara görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmayacaq. "Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası"na uyğun olaraq fərdi parklanma talonu verilmiş şəxslər nəqliyyat vasitələrini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayacaqlar.
Sputnik Azərbaycan yaşayış məntəqələrində yaşayan şəxslərin avtomobillərinə parklanma üçün ödəniş tələb olunub-olunmayacağını və digər məqamları araşdırıb.
Ərazilər üzrə parklanma tarifləri
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, parklanma yerlərinin tarifləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. "Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında qərara əsasən, "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisi istisna olmaqla, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib. Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrdə parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpik ödəniş edilməsi nəzərdə tutulub.
Şəhər mərkəzi ilə kənar yaşayış məntəqələrində yerləşən parklanma yerlərinə görə qiymətlərin diversifikasiyası həyata keçirilib. Bakı şəhəri üzrə 4 parklanma zonası müəyyən edilib və ödənişlər hər zonaya uyğun tətbiq edilir.
Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi ərazilərdə tətbiq ediləcək. Şəhərin hansısa hissəsində parkinqə olan tələbat azdırsa, bu ərazidə qiymət tənzimlənməsi tətbiq edilməyəcək.
15 dəqiqəyədək parklanma pulsuz olacaq
"Yol hərəkəti haqqında" Qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklanarsa, ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Bakı şəhərinin küçə və prospektlərində nəqliyyat vasitələrinin dayanma, durma və parklanması ilə bağlı mövcud problemlərin həll edilməsi, bununla da nəqliyyatın fasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təmin olunması və şəhər mobilliyinin dayanıqlığına nail olunması üçün parklanmanın idarəedilməsinin tənzimlənməsi zəruri idi.
Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır. Eləcədə nəqliyyat axınının tənzimlənməsinə, şəhərin nəqliyyat infrastrukturuna, piyadaların və sürücülərin təhlükəsizliyinə, şəhərin əlçatanlığının və ümumilikdə dayanıqlı şəhər mobilliyinin inkişafına təkan verir.
Şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin artması və bunun nəticəsində onun cəlbediciliyinin artması, ictimai məkanlarda parklanmanın azad edilməsi və yol təhlükəsizliyinin artırılması, 2-ci və 3-cü cərgələrdə qanunsuz parklanmanın qarşısının alınması, avtomobil nəqliyyatının və onun ətraf mühitə mənfi təsirinin azaldılması parklanma yerlərinin idarəolunmasının əsas hədəfləridir.
Parklanmaya görə ödəniş nağdsız qəbul ediləcək
Maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə parklanmaya görə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur. Bunun üçün xüsusi tətbiq istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək.
"Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği"nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərində parklanmaya görə ödənişin edilməsini tənzimləyir. Sözügedən qərar dövlət avtomobil yollarının tərkibinə daxil edilən sahələrdə təşkil olunan küçə parklanma yerlərinə aiddir.
Özəl və küçədənkənar parklanma yerlərinin idarə olunması, ödəniş məbləği və digər qaydalarla bağlı qərarlar mülkiyyətçinin özü tərəfindən müəyyən edilir.
Bakı, Sumqayıt və Gəncədən başqa digər yerlərdə parklanma ödənişsiz olacaq!
İşləyənlər avtomobillərini ödənişlə park edəcək?
Qeyd edək ki, parklanma ilə bağlı yeni qərar müsbət qarşılansa da işləyən şəxslərin avtomobillərini yol kənarında park edərkən onlara güzəştlərin tətbiq olunub-olunmayacağı müəyyən narahatlığa səbəb olub. Qurumdan sorğumuza cavabda bildirildi ki, işləyən şəxslərin avtomobillərinin parklanması ilə bağlı qərarda xüsusi bənd yoxdur. Məqsəd şəhərdə avtomobil sıxlığını azaltmaq, insanların ictimai nəqliyyata cəlb edilməsidir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, hökümətin yeni qərarı bütün şəhəri əhatə etsə də heç də bütün küçə və prospektlərdə ödənişli dayanacaqlar olmayacaq:
"Parklanma qadağan olan xeyli küçə və prospektlər var. Qiymətlərə gəlincə, deyərdim ki, münasibdir. Nəzərə alaq ki, yol kənarında avtomobil parklayan şəxslər əsasən qısa zaman üçün dayanırlar. Bundan başqa şəhərin mərkəzi hissəsinə kimsə avtomobillə gəlirsə, o adam da təbii ki, 1-2 manatından keçəcəyini gözə almalıdır. Əslində bu qərarın bir hədəfi də şəhərin mərkəzində şəxsi avtomobillərin sıxlığını azaltmaqdır".
Ekspert yeni qərarın ərazidə yaşayan və işləyən avtomobil sahiblərinə necə şamil ediləcəyinə də aydınlıq gətirib:
"Yaşayış yeri üzrə sakinlərin avtomobillərinin parklanması nəzərə alınsa da, bu qərarın işləyənlərə necə şamil ediləcəyi sual yaradır. Ona görə də, biz bununla bağlı təklif vermişik ki, onlara da güzəştlər tətbiq edilməlidir. Məsələn, ərazidə yaşayan avtomobil sahibi nəzarətçi quruma müvafiq sənəd təqdim edəcəyi təqdirdə, dayanacaqdan pulsuz istifadə edə bilər. İşləyənlər üçün də müəyyən güzəştlər olmalıdır. Çünki, mərkəzi zonada işləyən vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəsə, bu, minimum ayda 160 manat edir. Bu da kifayət qədər böyük xərcdir. Ona görə də yeraltı parklanmada, ərazidə işləyən avtomobil sahibləri üçün də müəyyən güzəşt nəzərdə tutulub. Yəni hər gün işə gələn vətəndaş gündə 8 manat dayanacaq haqqı ödəmək məcburiyyətində qalmır. Amma küçə parklanmasında problem yaranır. Ərazidə işləyən insanlar var ki, bu məsələlər nəzərə alınmalıdır. Əks halda bu nizamlama narazılıq yarada bilər".
E.Muradlı əlavə edib ki, işləyən şəxsləri ictimai nəqliyyata cəlb etməzdən öncə ictimai nəqliyyatda sıxlığa əlac edilməlidir.
Qeyd edək ki, tariflər şəxsi ödənişli avtomobil dayanacaqlarına aid deyil.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.