SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Asim Mollazadə kolonial siyasətə qarşı birgə müqavimət göstərməyə çağırdı

Deputat deyib ki, böyük metropollara nəzər yetirsək görürük ki, özünü dünyanın ən inkişaf etmiş demokratik yerləri kimi təqdim edən ölkələrdə antisemitist və rasist meyllər artmaqdadır.
Sputnik
BAKI, 6 iyul — Sputnik. Fransada məscidlərə və sinoqoqlara hücumlar baş verir. Bu isə Fransa üçün yenilik deyil.
Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilmiş "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Mollazadə bildirib ki, azad və müstəqil ölkələr öz qayğıları ilə məşğul olmalıdır:
"Amma böyük metropollara nəzər yetirsək görürük ki, özünü dünyanın ən inkişaf etmiş demokratik yerləri kimi təqdim edən ölkələrdə antisemitist və rasist meyllər artmaqdadır. Mən özüm şahid olmuşam ki, bu ölkələrdə jurnalistlərə qarşı, digər dinlərə qarşı hücumlar baş verir. Bu halların Fransada baş verməsinə şahidəm. Fransada bütün bu baş verənlər yenilik deyil, Fransada diskriminasiya və işğalçılıq, digər millətlərin sərvətlərinin talan edilməsi tarixi keçmişə malikdir".
Deputatın fikrincə, müasir dövrdə kolonial siyasətə yer yoxdur və bu, yox olmağa məhkumdur.
"Düşünürəm ki, biz buna görə vahid cəbhədə birləşib, kolonial siyasətə qarşı birgə müqavimət göstərməliyik", - Mollazadə əlavə edib.
Qeyd edək ki, bu gün Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir keçirilir. Burada Fransadan və onun bir sıra xarici ərazilərindən - Yeni Kaledoniyadan, Fransız Polineziyasından, Fransız Qvianasından, Martinikadan, Uollis və Futunadan, həmçinin Solomon adalarından yüksək vəzifəli məmurlar və siyasətçilər iştirak edirlər. Onlar öz çıxışlarında qeyd ediblər ki, Fransa öz keçmiş müstəmləkələrinin sakinlərinə quldarlıq dövründəki kimi yanaşır, neokolonial siyasət yürütməkdə davam edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.