MƏDƏNİYYƏT

Qələmlərimi itiləmişəm, yeni şeirlərimi gözləyin - Elza xanımın onu tənqid edənlərə cavabı

Müğənni sosial şəbəkələrdə ona tənqid yazan adamların zamanında Müşfiqə, Füzuliyə, Nəsimiyə dəyər verməyən adamlar olduğunu, ona dahilərin - Anarın, Çingiz Abdullayevin, Nizami Cəfərovun, Çığatel xanım kimi nüfuzlu adamların rəy verdiyini dilə gətirib.
Sputnik
BAKI, 5 iyul — Sputnik. Müğənni Elza Seyidcahan Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul edilib. Bu barədə xalq yazıçısı, AYB-nin sədr müavini Çingiz Abdullayev məlumat verib. AYB-yə dəvət olunan E.Seyidcahana üzvlük bileti təqdim edilib. Bu məsələ ictimaiyyət arasında heç də birmənalı qarşılanmayıb. Sosial media istifadəçilərinin böyük bir qismi Azərbaycan Yazıçılar Birliyini tənqid atəşinə tutub.
Gənc şair Eminquey Akif Azərbaycan Yazıçılar Birliyinin Elza Seyidcahanın üzvlüyünə qəbul edilməsini marketinq baxımından uğurlu addım hesab edir:

"Sonuncu qurultayda maraqlı bir hadisə baş vermişdi. Seçim mərhələsində Ləman Ələşrəfqızı canlı yayımda mənə zəng vurdu, son vəziyyətdən xəbərdar olmaq üçün. Mən də artıq Anarın yenidən sədr olacağını və bunun seçim yox, təyinat olduğunu vurğulamışdım. Zala qayıdanda birliyin Gənclər Şurasının heyəti açıqlananda adımın çəkildiyini eşidib duruxmuşdum. Mən foyedə Anarı və lehinə əl qaldıranları tənqid etmişdim, onlar məni şuraya üzv seçmişdilər. Sonra Anar şuranın üzvləri ilə görüşdü. AYB hal-hazırda yazıçılarımızın, şairlərimizin bu ölkədə olan-qalan ortaq, balaca, dar bir nəfəslikdir. Bu nəfəslikdən yazı-pozu adamlarına tədbirlərə dəvət, təqaüd və mükafatdan başqa heç nə gəlmir. AYB-nin sədri Anarla görüşümüzdən anladığım bu olmuşdu ki, o, AYB-nin "Natavan" klubunda yubileylər, kitab təqdimatları, imza günlərinin keçirilməyini, ölkəmizdə olan binanı sönməyə qoymamaq istəyir. Hər gün kreslosunda oturduğu binanı lal-sükut görməkdən darıxır yəqin. Gənclik dövrü də deyil ki, beşmərtəbəli bu binanın altıncı mərtəbəsində cavanlıq eləsin. İndi Elza Seyidcahanı birliyə üzv ediblər. Ajiotaj yaradıblar. İşin marketinq tərəfindən baxsaq, uğurludur".

Eminquey Akif
Şair qeyd edir ki, qurum uzun illərdən sonra gündəmə gəlib. Bu baxımından da Elza Seyidcahanı üzv qəbul olunması təqdirə layiqdir:
"Nəzərə alsaq ki, Elza Seyidcahan "cırım-tikim" şeirlərilə neçə ildir gündəmdədir və xalqın məzə obyektidir, deyərdim, hətta xeyli gecikiblər. Elza xanımın üzvlüyündən narahat olanlar, bilsələr ki, AYB-nin 3000-ə yaxın üzv siyahısında tanınmayan, bilinməyən nə qədər bayağı, duzsuz, istedadsız, qələmin də, vərəqin də anasını ağladan, hələ də 1970-ci ildən bu tərəfə keçməyən qolunda qovluq jurnallara şeir daşıyan, sədri görəndə ikiqat əyilən, ağ-qara, səssiz ekrana oxşayan şablon adam var, Elzanın AYB-yə üzv olmağına sevinərlər. O 3000 adamın 2500-ü get-gəllərlə AYB-də oturanların başını əməlli-başlı xarab edəndən sonra üzv seçiliblər. Əksəriyyətinin də xəbəri yoxdur ki, yaza bilmirlər. Qalan 400-500 nəfəri də AYB özü üzv seçib. Elza Seyidcahanın üzvlüyü AYB-yə rəng qatacaq. Təsəvvür edin, "Natavan" klubunda tədbirdir, zalda kostyumlu, qalstuklu, ütülü qırış adamların içində başında meyvə səbəti, çiynində güllər olan Elza xanım şeir oxuyur: "Tüpürüm sizə hündür ağac başından". Heyranedici mənzərədir. Hətta təklif edirəm ki, bir uğurlu marketinq addımı da atıb Üzeyir Mehdizadəni də birliyə üzv etsinlər. Adam oxuduğu mahnıları özü yazır. Bu dəfə AYB təkcə Azərbaycanda yox, həm də ölkədən xaricdə gündəmə çevrilər".
Yazıçı Kəramət Böyükçöl də bu addımı müsbət qiymətləndirib. O bildirib ki, AYB-də üzv olanların böyük bir qisminin şəxsiyyəti və yaradıclığı ilə yaxından tanış olsaq görərik ki, elə onların içində ən yaxşısı Elza Seyidcahandır:

"Mən bu proseslərin içində olan adam kimi deyə bilərəm ki, burada təəccüblü heç nə yoxdur. Sadəcə Elza xanım toplumun oturuşmuş zehniyyətinə zidd gedən davranışları insanlarda qıcıq yaradır. Elə ona görə də düşünürlər ki, Elza ora üzv ola bilməz. Yəni, insanlarımız oranın üzvlərini tanısalar, bu xəbəri normal qarşılayarlar. Mənə təəccüblü gələn odur ki, Elza Seyidcahan azad ruhlu insandır, o niyə ora üzv olmağa cəhd edib? Sabah o nəsə desə, zəng edib qurumdan deyəcəklər ki, sən bu sözü deməməlisən. Bir də ki, Çingiz Abdullayev Xalq yazıçısı ola bilər, Elza Seyidcahan üzv ola bilməz? Tam haqqıdır".

Kəramət Böyükçöl
Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu da bildirir ki, sözügedən hadisədə qeyri-adi heç nə yoxdur:
"Elza Seyidcahan gedib faşistlər partiyasının, yaxud təbiəti məhv edənlər cəmiyyətinin üzvü olmayıb ki, AYB-nin üzvü olub də. Şeir yazır. Elza Seyidcahanın şeirləri kiminsə xoşuna gələ də bilər, gəlməyə də. Bu, normal bir şeydir. Məşhur deyim var: "yüz dollar deyil ki, hamının xoşuna gəlsin". Yaradıcılıq yaradıcılıqdır. Bəzən böyük bir şairə kimsə "şair" deyir, başqası isə deyir ki, o, ümumiyyətlə, şair deyil. "İki vurulsun iki" deyil ki, cavabı mütləq şəkildə dörd olsun. Yaradıcılıq elə sirri-xudadır ki, kiminsə ürəyinə toxuna bilirsən, kiminsə yox".
B.Vəziroğlu onu da əlavə edir ki, Elza xanımın yazdığı şeirlər kimisə güldürürsə, deməli, yaradıcılıq var. Şeir budur ki, ya güldürməli, ya da ağlatmalıdır. Düşündürməli, kədərləndirməli, sevindirməlidir. Ən böyük dəhşət o olar ki, hamı o şeirə biganə qalar. Bu, faciədir. Onda həmin insan qələmi yerə qoymalı, ayrı işlə məşğul olmaldır.
"Amma bir insanın yazdığı bədii parçalar, şeirlər kimisə müxtəlif ovqatlara sala bilirsə, deməli, nəsə var. "Elza Seyidcahanın şeirlərinə bəziləri qəzəblənir, əksəriyyəti gülür. Olsun da gülüş... Mirzə Ələkbər Sabirin şeirlərini oxuyub necə gülürdük? "Fəhlə, sən də özünü insanmı sanırsan?!", "Kim nə deyər bizdə olan qeyrətə..." Mirzə Cəlilin əsərlərinin 90%-i gülməlidir. Deməli, bizi güldürə bilirsə, onda komediya aktyorlarının hamısını tutub həbsə ataq, ya sürgün edək ki, bizi güldürürlər? Elza xanımın şeirləri də insanları güldürür, burada nə var ki?", - deyə şair sözünə davam edib.
Onun sözlərinə görə, insanlar var ki, əlli kitabı çıxır, AYB-nin yox, lap dünya yazıçılar birliyinin üzvüdür, amma əsərləri heç sənin tükünü də tərpətmir.

"Nə gülürsən, nə ağlayırsan. Heç nə, tamam biganəlik. Bax, faciə bundadır. Yaradıcılıq hər hansı formada insanların ürəyinə toxunursa, sevinc, kədər gətirirsə, deməli, onu oxumağa, dinləməyə dəyər. Elza xanım oğruluqla, mərdiməzarlıqla, ağac qırmaqla, məmurların çoxu kimi rüşvət almaqla məşğul deyil. AYB də şeir yazanların, ədəbiyyatla məşğul olanların ocağıdır. Elza xanım deyir ki, mən də bu ailənin üzvü olum. Burda nə qəbahət var?"

Baba Vəziroğlu
Məsələ ilə bağlı Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirir ki, Yazıçılar birliyini qınayanlar və tənqid edənlər Elza Seyidcahanın Yazıçılar Birliyinin üzvü olmağını müzakirə edirlər. O tənqid edənlər özləri də bilmədən sübut etdilər ki, AYB ciddi bir təşkilatdır ki, ora Elza Seyidcahanın üzvlüyü müzakirə predmeti olub:
"Siz AYB-nin 2500 üzvünün hər birisinin yaradıcılığı ilə tanışsınız? - Yəqin ki, yox. Ona görə də siz onu müqayisə edə bilməzsiniz ki, Elza xanım onların hansından artıq, hansından əksikdir. Elza xanım istedadlı xanımdır, onun mahnılarının əksəriyyətinin də sözləri özünə məxsusudur. O, fərqli yanaşır, şablonları sındırmağa çalışır. Bəzən onu elə adamlar tənqid edirlər ki, o adamların özlərinin yaradıcılığı da Elza Seyidcahanınkından üstün deyil. Birliyə üzv olanların içində elələri var ki, onların yazdıqları Elza xanım şeirlərindən daha gülüncdür".

"Yazçılar bilrliyinin qəbul komisiyası var. Elza xanım katibliyin qərarı ilə istisna hal kimi qəbul olunub. Birliyə üzv olmağın qaydaları da mətbuata may ayında elan olunub. Birliyə üzv olmaq istəyən şəxsin mətbuatda əsərləri dərc olunmaldır. Bundan başqa, azı bir kitabı dərc olunmaldır. Elza xanım çox nəfis tərtibatlı bir kitabı dərc olunub", - deyə X.Rza əlavə edib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza
Səslənən fikirlərlə bağlı əməkdar artist Elza Seyidcahan da münasibətini bildirib. Seyidcahan tənqidlərə hər zaman açıq olduğunu deyib:
"Mənim üçün tənqiddən çox onu edən şəxs önəmlidir. Bilənlər bir kənara çəkilib müşahidə edir. Ortalığa düşənlər bilməyənlərdir. Ona görə də mən susub izləyirəm. Dəfələrlə sosial şəbəkələrdə Füzulinin, Nəsiminin qəzəllərini, Səməd Vurğunun, Mikayıl Müşfiqin şeirlərini paylaşmışam. Müəllifini qeyd etmədiyim üçün səhərə qədər onları söyüb, təhqir ediblər. Sonra yazmışam ki, şeirlər, qəzəllər mənim deyil. Sonra da deyirlər ki, "müəllifi qeyd edərdiniz, haradan bilək, bunu siz yazmamısız". Mən sosial şəbəkələrdə tənqid yazan adamların kim olduğunu çox yaxşı bilirəm. Zamanında Müşfiqə, Füzuliyə, Nəsimiyə dəyər verməyən adamlardır. Mənə dahilər - Anar, Çingiz Abdullayev, Nizami Cəfərov, Çığatel xanım kimi digər nüfuzlu adamlar rəy verdilər. Ona görə də mənim tənqid edənlərə cavab verməyim lazım deyil. Mən ancaq yaza bilərəm. Qələmlərimi itiləmişəm, yazıram, yeni şeirlərimi gözləsinlər".
Əməkdar artist artıq ikinci kitabının hazırlandığını bildirib:

"Onu da deyim ki, mən Birliyə üzv seçiləndən sonra Telli Borçalı yuxu görüb. Görüb ki, Zəlimxan Yaqub qələmindən birini mənə verir. Üzv seçilməyim haqqında vəsiqəni də mənə Səməd Vurğunun otağında təqdim etdilər. Çox xoşbəxtəm. Tərifləyənlər də, tənqid edənlər də sağ olsun. Mənim də fəxri adlarımın ardı gəlsin".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.