BAKI, 5 iyul — Sputnik. Ötən il Azərbaycanda vərəmə yoluxanların sayında artım müşahidə olunub. Belə ki, 2022-ci ildə Azərbaycanda 686 yeni vərəm xəstəsi aşkarlanıb. Ümumilikdə isə həm ilkin, həm də təkrar xəstələr arasında 1034 nəfər müalicəyə qoşulub.
Bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova vərəmlə bağlı multisektoral görüşdə deyib.
İ.Axundova bildirib ki, vərəmlə xəstələnmə 28.4 faiz təşkil edib ki, onlardan 22.5 faizi ağciyər, 5,9 faizi isə ağciyərdənkənar vərəmdir. İlkin xəstələr arasında 75 faizə qədər vərəm mikrobakteriyası aşkarlayırıq, təkrar xəstələrdə bu rəqəm 93 faizə qədər təşkil edir. Ümumiyyətlə il ərzində müalicə götürən vərəm xəstələri arasında 85 faizə qədər halda vərəm mikrobakteriyası aşkarlaya bilmişik.
"Dərmanadavamlı vərəm çox təəssüf ki, Azərbaycan üçün də problemdir. Dərmanlaradavamlı vərəmdən əziyyət çəkən xəstələrin sayı ötən il ilkin xəstələr arasında 11.9, təkrar xəstələr arasında 22.6 faiz təşkil edib.
Müalicə nəticələrinə gəlincə, hələ ki Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu hədəflərə çata bilmirik. Amma həmin hədəfə çatmaq potensialımız var. Həssas xəstələrin müalicə uğuru 82, dərmana davamlı xəstələr arasında müalicə uğuru 62 faiz təşkil edir. Vərəmdən ölüm göstəricisi isə azalır", - deyə İ.Axundova qeyd edib.
(AZƏRTAC)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.