TƏHSİL

Məktəb direktorları və müavinlərinin sertifikasiyada iştirakı məsələsinə aydınlıq gəldi

Yaşı 60 və daha yuxarı olan müəllimlərlə bağlı hansı qərar veriləcəksə, ona uyğun da təşkil ediləcək
Sputnik
BAKI, 5 iyul — Sputnik. Ötən həftələrdə sertifikasiya imtahanlarına yaşı 60-a qədər ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimləri cəlb edilib.
Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, növbəti aylarda da sertifikasiya imtahanları nəzərdə tutulub:
"Bu, ötən il sertifikasiyada iştirak edib uğur qazana bilməyən, eyni zamanda 60 yaşı tamam olmuş və qeyd edilən ixtisaslar üzrə çalışan müəllimlərlə bağlı olacaq. Yaşı 60 və daha yuxarı olan müəllimlərlə bağlı hansı qərar veriləcəksə, ona uyğun da təşkil ediləcək. Bununla bağlı dəyişikliklər artıq qüvvəyə minəndən sonra qərar veriləcək".
Şöbə müdiri həmçinin bildirib ki, məktəb direktorları və direktor müavinlərinin sertifikasiyada iştirakı hazırda nəzərdə tutulmur:
"Hazırda prioritet olan 140 minə yaxın müəllimin sertifikasiyadan keçməsidir. Yalnız bundan sonra bu məsələni də düşünmək olar. Hansı illər üzrə hansı fənlərdən sertifikasiya imtahanının keçirilməsi barədə əvvəlcədən Nazirlik tərəfindən məlumatlar veriləcək" (APA).