BAKI, 5 iyul — Sputnik. Enerji təhlükəsizliyi və yaşıl keçid üzrə məsuliyyət bərabər paylaşılmalıdır.
Energetika Nazirliyinin xəbərinə görə, bunu energetika naziri Pərviz Şahbazov Vyanada "Dayanıqlı və inklüziv enerji keçidinə doğru" mövzusunda keçirilən VIII OPEC beynəlxalq seminarında çıxışı zamanı bildirib.
Nazir son illərdə neft-qaz sektoruna investisiyaların azalmasını bazarda sabitlik və dayanıqlı enerji təhlükəsizliyi üçün başlıca risklərdən biri kimi qeyd edib.
O bildirib ki, bugünkü 100 trilyon dollarlıq qlobal iqtisadiyyatın istifadə etdiyi enerjinin 80%-dən çoxu karbohidrogenlərdən asılıdır və bu asılılığa qısa müddətdə yüksək ambissiyalı siyasi qərarlarla tamamilə son qoymaq qeyri-realdır:
"Qarşıdakı onilliklərdə ətraf mühiti qorumaqla enerji təhlükəsizliyini, ədalətli, inklüziv enerji keçidini təmin etmək üçün bizim rasional qərarlara və təxirəsalınmaz tədbirlərə ehtiyacımız var. Bu isə enerji bazarlarının iştirakçıları arasında dialoq və əməkdaşlıq olmadan mümkün deyil".
Azərbaycanın hazırda enerji təhlükəsizliyindəki rolunu bir neçə enerji resursu üzrə şaxələndirməsindən, ötən il Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükünün 40 % artırılması ilə təbii qazın enerji böhranının həllinə töhfələrindən danışılıb.
Energetika naziri deyib ki, məqsəd hər hansı bir enerji növünün təşviqi deyil, bütün enerji növlərindən doğru istifadə etməklə enerji təhlükəsizliyinə, iqtisadi inkişafa və sabitliyə töhfə verməkdir:
"Biz inklüziv enerji keçidini dəstəkləyirik. Lakin emissiyaların azaldılmasında mühüm rol oynayan "yaşıl enerji"nin dayanıqlığını təmin etmək, bərpa olunan enerjini dəstəkləmək, rəvan enerji keçidi üçün bizim qaza ehtiyacımız var. Hesab edirəm ki, gecikmədən birgə hərəkət etmək vaxtıdır. Gəlin, ayrı-ayrılıqda deyil, birgə, dialoq mühitində enerji bazarlarının inkişafı ilə bağlı doğru qiymətləndirmələr aparaq, gələcək qarşısında məsuliyyətimizi bərabər səviyyədə paylaşaq. Həm qlobal neft bazarının davamlı balanslaşdırılmasının etibarlı qarantı olan "OPEC plus" ölkəsi, həm də Avropanın etibarlı enerji tərəfdaşı olaraq Azərbaycan belə bir dialoqa töhfə verməyə hazırdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.