BAKI, 5 iyul — Sputnik. Bakı şəhəri üzrə şagird sayı 500-dən yuxarı olan 20-dən çox məktəb üçün vakant direktor vəzifəsi var.
Bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib. Onun sözlərinə görə, həmin yerlər vakansiyaya çıxarılıb.
Şöbə müdiri bu sayın artacağının istisna olunmadığını da vurğulayıb.
Qeyd edək ki, 2022-2023-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə 41 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib.
149 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Fəaliyyətinin yaş həddinə çatmış 33 direktorla müddətli əmək müqaviləsi bağlanıb. Müxtəlif əsaslarla 18 məktəb direktoru ilə bağlanan əmək müqaviləsinə xitam verilib.