BAKI, 3 iyul — Sputnik. Xaçmazda istirahət mərkəzində qadının ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 2-si saat 17 radələrində 1963-cü il təvəllüdlü Xanım Tağıyevanın Xaçmaz rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birində ölməsi faktı ilə bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. Ölümün səbəbi təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi əsasında müəyyən ediləcək.
Hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Xatırladaq ki, ötən gün Xaçmazda Nabran kəndindəki istirahət mərkəzində 1963-cü il təvəllüdlü Tağıyeva Xanım İdris qızı həmin ərazidə yerləşən "Dənizçi" istirahət mərkəzində olarkən onu hamam otağında elektrik cərəyanı vurub və qadın yerindəcə keçinib.
X.Tağıyevanın meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.