BAKI, 3 iyul — Sputnik. Rusiyada inflyasiya yavaşlamağa başlayıb və hazırda 3,2% təşkil edir.
Bunu Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov Dövlət Dumasında büdcə komitəsinin iclasında deyib.
"Ötən ilin mart-aprel aylarında istehlak qiymətlərinin artmasından sonra inflyasiya yavaşlamağa başlayıb. Bu gün inflyasiya 3,2% təşkil edir", - deyə Siluanov vurğulayıb.
O, həmçinin qeyd edib ki, 2022-ci ildə ümumi daxili məhsulun (ÜDM) 8-20 faiz azalacağı ilə bağlı Qərbin bəzi proqnozlarına zidd olaraq, bu, cəmi 2,1% azalıb, istehsalın azalması isə təxminən 0,6% təşkil edib.
Siluanov həmçinin xatırladıb ki, Rusiyada işsizlik nəzərəçarpacaq dərəcədə azalıb və ötən ilin dördüncü rübündən başlayaraq əhalinin əməkhaqları isə artıb. Eyni zamanda, bu il ÜDM-in artımı 1,2%, 2024-cü ildə isə artımın 2% olacağı gözlənilir.
Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda bildirib ki, Rusiya bütün planlarını həyata keçirməyə qadirdir. O, illik inflyasiyanın 2,3% olduğunu da xatırladıb.