BAKI, 2 iyul - Sputnik. Amerika Bəstəkarlar Forumunun məşhur brendi kimi fəaliyyət göstərən “Innova Recordings” bu yaxınlarda dünyanın müxtəlif ölkələrindən təqdim edilən çoxsaylı layihələr arasından on beş musiqi layihəsinin seçimini elan edib.
Azərtac xəbər verir ki, hər il dünya musiqi arenasında fərqlənən əsərlərin, ifaçıların seçimini aparıb onların təbliğatı ilə məşğul olan bu təşkilatın hazırkı seçiminə pianoçu Humay Qasımzadənin ifasında müasir Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət albom da layiq görülüb.
Humay Qasımzadə
© Photo : Courtesy of Humay Gasyimzade
Mükafatlandırılmış albom bəstəkarlar Ayaz Qəmbərli, Tahir İbişov, Türkər Qasımzadə, Səid Qəni və Elmir Mirzəyevin fortepiano üçün əsərlərindən ibarətdir.
“Innova Recordings”in mətbuat üçün buraxılışında həmin bəstəkarların yaradıcılığı barəsində qeyd edilir ki, Qərbin fərqli müasir musiqi təmayüllərinin yer aldığı bu bəstəkarların əsərlərində ümumən Azərbaycan milli musiqi ənənələrindən bəhrələnmə təbiidirsə də, onların yaradıcılığını daha çox Yaxın Şərq bəstəkarlarına xas olan “ekzotika”, yaxud “oriyentalizm” qəliblərində dəyərləndirmək doğru deyil.
Başqa sözlə, onların musiqisi ənənəvi Şərq musiqi ladlarından istifadədə hansısa qabarıqlığı şərtləndirən estetikadan uzaqdır, Azərbaycanın ənənəvi xalq musiqisindən birbaşa iqtibaslardan, imitasiyadan xali bir konstruksiyada diqqət çəkir.
Humay Qasımzadə ifa etdiyi əsərlərin müəllifləri ilə uzun müddət əməkdaşlıq etmiş və albomda təmsil olunan bəzi əsərlər məxsusi olaraq onun sifarişi ilə yazılıb.
Bu da xüsusi olaraq qeyd edilməlidir ki, beynəlxalq səviyyədə qəbul edilən albomdakı bəzi əsərlər Humay Qasımzadənin ABŞ-da Bolinq Qrin universitetində müdafiə etdiyi doktorluq dissertasiyada araşdırma obyekti olub. Universitetin elmi şurasının qərarı ilə həmin dissertasiya ilin ən yaxşı elmi əsəri mükafatına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.