CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İkinci "Şanxay"ın aqibəti necə olacaq?Video+Foto

"Motodrom" adlanan yeni yaşayış massivində evlərin çoxu dəmir yolunun mühafizə zolağına düşdüyü üçün onların heç birinə kupça almaq mümkün deyil.
Sputnik
BAKI, 01 iyul — Sputnik. Bir müddət öncə Bakıətrafında dəmiryollarının mühafizə zolaqlarında tikilən yaşayış evlərinin söküləcəyi barədə məlumat yayılsa da, hələki həmin tikililərin aqibəti barədə bir məlumat yoxdur.
Belə tikililərin yerləşdiyi ərazilərdən biri də Xocahəsən qəsəbəsidir. Xocahəsən metrostansiyasının arxasında inşa olunan evlərlə dəmiryol xəttini 10-15 metrlik məsafə ayırır. Burada yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, onlar 2000-ci ildən bu ərazidə yaşasalar da, hələ də evlərinə kupça ala bilməyiblər. Səbəb isə evlərin dəmir yolunun mühafizə zolağında inşa edilməsidir.
Ərazidə yaşayan Vüqar Baxışov bildirib ki, "Motodrom" adlanan yeni yaşayış massivində evlərin çoxu dəmir yolunun mühafizə zolağına düşür. Buna görə də, ərazidəki fərdi yaşayış evlərinin heç birinə kupça almaq mümkün deyil. Sakin bildirib ki, ərazidəki evlərin çoxunun bələdiyyə sərəncamı belə yoxdur. Ona görə də, evlərə kupça almaq mümkün olmur.
İndi sakinləri ən çox narahat edən məqam bu evlərin gələcək aqibətidir. Sakinlər bildirir ki, evlərinin sökülüb-sökülməyəcəyi barədə də onlara heç bir məlumat verilməyib.
Xocəsən Bələdiyyəsinin sədr müavini Abbas Rəhimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sözügedən ərazidə qanunsuz tikililər aparılıb. Həmin torpaqların bələdiyyə sərəncamı belə yoxdur. A. Rəhimovun sözlərinə görə, dəmiryol xətindən 25 metr məsafə dəmir yolunun mühafizə zolağı hesab olunur. Ona görə də, həmin evlərlə bağlı hansı qərarın veriləcəyi "Azərbaycan Dəmir Yolları" QSC-nin səlahiyyətindədir.
"Azərbaycan Dəmir Yolları" QSC-dən isə Sputnik Azərbaycan-a bildirdilər ki, dəmiryolundan 24-25 metr məsafə dəmir yolunun mühafizə zolağı hesab olunur. Lakin elə ərazilər var ki, orada bu məsafə 100-150 metrdir. Qurumdan bildirdilər ki, sakinlər evlərinin həmin zolağın ərazisinə düşüb-düşmədiyini dəqiqləşdirmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-ə rəsmi məktubla müraciət etməlidirlər. Araşdırıldıqdan sonra həmin tikilinin dəmir yolunun mühafizə zolağına düşüb-düşmədiyi barədə rəsmi cavab veriləcək.
Məlumat üçün bildirək ki, "Nəqliyyat haqqında" qanunun, Torpaq Məcəlləsinin və "Nəqliyyat Nazirliyi haqqında əsasnamə"nin tələblərinə uyğun olaraq Nazirlər Kabineti "Dəmiryol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın və "Dəmir yolları üçün və dəmiryolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normaları"nın təsdiq edilməsi haqqında" 23 fevral 2005-ci ildə 33 saylı qərar qəbul edib.
Sənədin "Dəmiryolunun xüsusi mühafizə zonasında və təhkim zolağında, həmçinin dəmir yollarının sanitariya-mühafizə zonasında torpaq sahələrindən istifadə olunması" bölməsində qeyd edilib ki, xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmiryol obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Təhkim zolağı hüdudlarında müəyyən obyektin yerləşdirilməsinə Nəqliyyat Nazirliyinin razılığı ilə qanunvericilikdə nəzərdə tutulan qaydada rəsmi icazə verilə bilər.
Xocahəsəndə dəmiryolunun mühafizə zolağındakı tikililər
Xatırladaq ki,Nazirlər Kabinetinin 3 mart 2010-cu il tarixli müşavirəsində dəmir yolu və avtomobil yollarının təhkim və mühafizə zolağında yerləşmiş qeyri-qanuni tikililərin araşdırılması məqsədilə yaradılmış (Protokol №1) komissiya işini tamamlayıb. Nazirlər Kabinetinin müvafiq qərarlarının tələblərinə zidd olan 5000-ə yaxın qanunsuz tikililər müəyyən olunub ki, onlardan, təxminən, 2000-i avtomobil yollarının, 3000-i isə dəmir yollarının mühafizə zolağında yerləşir.
Nazirlər Kabinetinin məlum protokolunun qərarı ilə Bakı şəhəri də daxil olmaqla Abşeron rayonu, həmçinin Gəncə və Sumqayıt şəhərləri üzrə aparılmış reydlər göstərib ki, xüsusilə intensiv olaraq təhlükəli yüklərin daşındığı magistral Keşlə-2-ci blok post “NBNZ” Əhmədli, Keşlə-2-ci blok post-Böyük Şor, Əhmədli-Bakı yük mənzillərində, Biləcəri, Keşlə, Xırdalan, Bakı yük, Sumqayıt və Əhmədli stansiyaları ilə birləşən 23 ədəd dalan dəmir yollarında qatarların, manevr tərkibinin hərəkəti, manevr briqadasının, eləcə də orada yaşayan insanların həyatı təhlükə altındadır.
Eyni zamanda komissiya tərəfindən müəyyən edilib ki, dəmir yolu və avtomobil yollarının təhkim və mühafizə zolağında yerləşən və sökülməsi təxirəsalınmaz hesab edilən 954 ədəd əsaslı tikinti (o cümlədən: 881 yaşayış, 73 qeyri-yaşayış) var və onlardan 71 ədədi avtomobil yolunda, 883 ədədi isə dəmir yolunun mühafizə zolağında yerləşir.
Artıq "Şanxay" adlanan ərazidə dəmiryolun yaxınlığında inşa olunmuş qanunsuz tikililər sökülüb. Digər ərazilərdə isə hələ də belə tikililər qalmaqdadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.