Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan sülh sazişinin imzalamamaqla Paşinyan hakimiyyətini qorumağa çalışır - Deputat

Millət vəkili Qərbin qeyri-obyektivliyi fonunda Ermənistanın təxribatlarına münasibət bildirib.
Sputnik
BAKI, 29 iyun - Sputnik. "Biz həmişə müşahidə etmişik ki, Ermənistan tərəfi bu və ya digər platformalarda keçiriləcək görüşlər ərəfəsində təxribatlar törədir. Bunun da məqsədi bəllidir. Ermənistan tərəfi bu təxribatları törətməklə Azərbaycanın cavab reaksiyalarına nail olmağa və ölkəmizin aqressor obrazını formalaşdırmağa və beləliklə də yekun sülh sazişinin imzalanmasını əngəlləməyə çalışır".
Bunu Sputnik Azərbaycan-a Vaşiqntonda XİN rəhbələrinin davam edən danışıqları fonunda Ermənistanın təxribatlarını şərh edərkən millət vəkili Elşad Mirbəşiroğlu deyib.
Elşad Mirbəşiroğlu
Onun sözlərinə görə, Ermənistan yekun sülh sazişinin imzalanmasını əngəlləməklə Paşinyanın hakimiyyətini qorumağa, uzatmağa çalışır:

"Təbii ki, bunda təkcə Paşinyan deyil, onu hakimiyyətə gətirən Qərb, o cümldən ABŞ da çox maraqlıdır. Bu baxımdan hesab edirəm ki, bu təxribatlar tək Ermənistanın təşəbbüsləri deyil. Eyni zamanda onu dəstəkləyən dairələrin təşəbbüsüdür. Ermənistanın Laçın rayonu istiqamətində törətdiyi təxribatları zamanı biz müşahidə etdik ki, Avropa İttifaqının mülki missiyası çox operativ reaksiya nümayiş etdirdi. Sanki bu təxribatların törədiləcəyindən Aİ-nin mülki missiyası xəbərdar idi və dərhal həmin istiqamətdə müşahidələr aparmağa başladılar. Ayrıca olaraq da, həm Vaşinqton görüşü öncəsi, həm də danışıqların getdiyi bir vaxtda Ermənistanın təxribatları bir daha bunu nümayiş etdirir ki, Ermənistan Baş nazirinin sülh tərəfdarı olması ilə bağlı səsləndirdiyi fikirlər sadəcə olaraq manipulyasiya cəhdidir".

Millət vəkilinin sözlərinə görə, Ermənistan heç bir halda Azərbaycanla yekun sülh sazişini imzalamaq niyyətində deyil və ölkəmizə qarşı ərazi iddialarında əl çəkməyəcək:

"Azəraycan ərazilərindəki qanunsuz erməni silahlı birləşmələrinin iyunun 27-dən 28-ə keçən gecə törətmiş olduğu təxribatlar və Azərbaycanın cavab reaksiyası nəticəsində məhv edilmiş separatçıların Ermənistan silahlı qüvvələrinə mənsub olması göstərir ki, Ermənistan Azərbaycan ərazilərində hərbi mövcudluğunu saxlamaqdadır. Bundan başqa da çox saylı faktlar mövcuddur ki, Ermənistan 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyannamənin şərtlərinə əməl etmir".

E.Mirbəşiroğlu qeyd edib ki, Ermənistanla görüşlərin keçriliməsində iştirak edən və bu görüşlərin təşəbbüskarı rolunda çıxış edən Vaşinqton, həm də Brüssel keçmiş münaqişə dövründəki yanaşmalarını sərgiləməyə davam edirlər.
Millət vəkili hesab edir ki, keçmiş münaqişə dövründə həmin bu Qərb iştirakçıları tərəfindən Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı gözardı edilirdi:
"Yəni Ermənistanın işağlçı dövlət olması, Azərbaycan ərazilərini işağl altında saxlaması, ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürməsi etiraf edilmirdi. Otuz ilə yaxın davam etmiş münaqişə dövründə müzakirələr, görüşlər təşkil edilirdi, amma münaqişənin predmeti ilə bağlı obyektiv real mövqe ortaya qoyulmurdu. Ona görə də uzun illər davam edən danışıqlar prosesi nəticəsiz qaldı. Bu gün də oxşar yanaşmanı görməkdəyik. Bəli etiraf edilməlidir ki, 44 günlük Vətən müharibəsindən sonra regiondakı geosiyasi reallıqlar əsaslı şəkildə dəyişib. Azərbaycan hərbi və siyasi baxımdan Ermənistandan qat-qat yüksək və əlverişli mövqelərə malikdir və proseslərə tam nəzarət edir. Azərbaycan Ermənistan tərəfinin həm hərbi, həm də siyasi təxribatlarının qarşısını almaq iqtidarındadır. Bu Azərbaycanın yaratdığı yeni reallıqlardır. Bu reallıqlar bizim haqlı məqsədlərimizə nail olmağımızı təmin edəcək".

"Amma yenə görünür ki, Qərb məsələnin predmetinə bilərəkdən obyektiv yanaşmır. Ermənistan Azərbaycan ərazisində separatizmi dəstəkləyir, Rusiya sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə qanunsuz silahlı birləşmələr yolu ilə hərbi mövcudluğunu saxlayır, əldə olunmuş razılaşmaların şərtlərinə əməl etmir, sərhədlərin delimitasiya və demarkasiyasını hər vasitə ilə əngəlləyir. Baxın bu istiqamətlərdə addımlar atılmış olsaydı, biz Vaşinqton və Brüssel görüşlərinin nəticə verəcəyinə inanardıq".

Millət vəkili vurğulayıb ki, Qərb özünün geosiyasi maraqları və hədələri ilə Azərbayan-Ermənistan arasındakı prosesdə iştirak etməyə, rol almağa çalışır:
"Biz bilirik ki, bu yanaşma heç bir ədalətli nəticəyə gətirib çıxarmayacaq. Məhz buna görədir ki, Vaşinqton görüşləri də ABŞ-ın deklorativ xarakterli bəyanatları ilə yadda qalır. Reallıqda isə nəticəyə hesablanmış heç bir addım yoxdur. Onu da unutmamışıq ki, 1992-ci ildə Ermənistan Azərbaycan torpaqlarını intensiv işğal etdiyi dövrdə ABŞ Azərbaycana qarşı "Azadlığa Dəstək" Aktına 907-ci düzəlişi tətbiq edib. Bu Azərbaycanın siyasi mövqelərinə olduqca böyük zərbə olmuşdu. Qərb bu 907-ci düzəlişin ruhuna uyğun davranaraq Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət ərzində işğal altında qalmasına siyasi dəstək verib. Təbii ki, bu qədər qeyri-obyektiv yanaşmalar fonunda Qərb dairələrinin normallaşma prosesi üçün etdikləri cəhdlərdə səmimiyyətə inanmaq çətindir. Buna baxmayaraq Azərbaycan bütün platormalardan məharətlə istifadə edir. Azərbaycan XİN rəhbəri Ermənistanın destruktiv yanaşmalarını Vaşinqton tribunasından bəyan edir".
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.