BAKI, 27 iyun - Sputnik. Rusiya Prezidenti Vladimir Putin “Vaqner” xüsusi hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin iyunun 24-də başlatdığı silahlı qiyamı vətəndaş müharibəsi kimi qiymətləndirib.
“Report” xəbər verir ki, o, bu barədə hərbçilər və hüquq-mühafizə orqanları ilə görüşündə deyib.
O bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qiyam zamanı mühüm obyektlərin təhlükəsizliyini təmin edib və vətəndaş müharibəsinin qarşısını alıblar.
V.Putin qeyd edib ki, hadisə zamanı həlak olan pilotlar öz vəzifələrini şərəflə yerinə yetiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Elə həmin günü “Vaqner”çilər Rusiya Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarə və helikopterləri vurublar. Rusiya Prezidenti Vladimir Putin isə xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.
Məlumata görə, Y.Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. İyunun 27-də isə Federal Təhlükəsizlik Xidməti silahlı qiyamla bağlı başlanmış cinayət işinə xitam verilildiyini elan edib.