BAKI, 26 iyun — Sputnik. "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamı xüsusi hərbi əməliyyatda tapşırıqların yerinə yetirilməsinə təsir etməyib. Bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Gazeta.Ru-ya bildirib.
Deputat vurğulayıb ki, Ukrayna tərəfi vəziyyətdən istifadə edə bilməyib.
“Şənbə günü baş verənlərin cəbhəyə heç bir təsiri olmadı. Hərbçilərimiz qəhrəmancasına döyüş tapşırıqlarını yerinə yetirməyə davam etdilər. Ukrayna qoşunlarının növbəti hücumlarını dəf etdik, mövqeləri tutduq. Üstəlik, "Vaqner"in həmin bölmələri ön sıralarda deyildi, düşərgələrdə idi. Onlar Baxmutdan sonra şəxsi heyətin, sursatların artırılması və istirahət üçün geri çəkilmişdilər. Ukrayna tərəfi üçün bu, tamamilə sürpriz oldu. Təbii ki, heç nədən istifadə edə bilməzdilər. Bunu informasiya sahəsində nəyisə şişirtmək üçün gecikmiş cəhdlərdən də görmək olar. Amma bu nə cəbhədə, nə də İnternetdə heç bir yerdə işləməyəcək”, - Kartapolov deyib.
Xatırladaq ki, iyunun 24-də qiyam fonunda Moskvada, Moskva vilayətində və Voronej vilayətində xüsusi rejim tətbiq edilib.
Bu gün isə Moskvada bütün məhdudiyyətlər götürülüb və antiterror əməliyyatı rejimi ləğv edilib. Bunu Moskva meri Sergey Sobyanin öz Teleqram kanalında açıqlayıb.
“Biz antiterror əməliyyatı rejiminin tətbiqi ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırırıq”, - o yazıb.
Paytaxt meri onu da vurğulayıb ki, iyulun 1-də məktəblilər üçün buraxılış mərasimi keçiriləcək.
Rusiyanın Moskva və Moskva vilayəti üzrə Federal Təhlükəsizlik Xidməti də antiterror əməliyyatı rejiminin ləğv edildiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.