AZƏRBAYCAN XƏBƏRLƏRİ

Müstəqil Azərbaycanda hərbi paradlar - VİDEO

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
Sputnik
BAKI, 26 iyun — Sputnik. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ordumuzun ilk paradı 1992-ci il oktyabrın 9-da keçirilib.
1992-ci ildə hakimiyyətə gələn prezident Əbülfəz Elçibəy cəbhə bölgəsində döyüşən könüllü batalyonlardan nizami ordu qurmaq üçün bir sıra addımlar atdı, qismən səfərbərlik elan edildi. Elçibəy Azərbaycan vətəndaşlarında orduya olan inamı möhkəmləndirmək, vətənpərvərlik ruhunun gücləndirmək üçün Azadlıq meydanında hərbi parad da təşkil etdi.
***
Bu paraddan sonra, 2008-ci ilədək Azərbaycanda Silahlı Qüvvələrin hərbi paradı keçirilməyib.
2008-ci ildə iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 90-cı ildönümü münasibətilə Bakının bayram libası geymiş Azadlıq meydanında hərbi parad keçirildi. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi.
Artıq 10 il idi ki, 26 iyun müstəqil Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilirdi. Mrəhum Prezident Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra məhz ulu öndərin rəhbərliyi altında həyata keçirilən islahatlar nəticəsində qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşmışır.
1993-cü il noyabrın 1-də Müdafiə Şurası yaradılır, noyabrın 2-də isə Prezident Heydər Əliyev Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı televiziya və radio ilə xalqa müraciət edir. Bu müraciət Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni bir mərhələnin başlanğıcı olur.
2008-ci il iyunun 26-da keçirilmiş paradda 210 modernləşdirilmiş hərbi texnika, 19 döyüş vertolyotu, 25 döyüş təyyarəsi, 31 hərbi gəmi və qayıqlar iştirak edirdi.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4 min nəfərədək şəxsi heyəti iştirak edib.
Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub.
Paradda, həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.
***
2011-ci il iyunun 26-da Azərbaycanın müstəqilliyinin 20-ci və Silahlı Qüvvələrin 93-cü ildönümləri münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi paradda iştirak edir.
Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, hərbi tədris müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 6 min nəfərlik şəxsi heyəti, 400-dək hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-dək silah, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqları iştirak edir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş hərbi parad ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramın təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişi idi.
***
2013-cü il iyunun 26-da "Silahlı Qüvvələr Günü"nün 95-ci ildönümünə həsr edilmiş Azadlıq Meydanındakı hərbi paradda beş min əsgər, üç yüzdən çox hərbi texnika və silah, yüzdən çox hərbi hava və helikopter və qırxa yaxın gəmi və qayıqlar nümayiş etdirilib.
Bu paradda ilk dəfə olaraq, yerli istehsal olan pilotsuz qırıcı təyyarə, zenit raket sistemləri, minaatan sistemlər və U zenit raket kompleksləri göstərilib.
Həmin dövrdə Azərbaycan hərbi arsenalını, əsasən İsrail, Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası və digər ölkələrdən idxal edir. Bu hərbi parad öncəkilərdən hərbi texnikaların sayına görə fərqlənib.
Tədbirdə prezident İlham Əliyevlə yanaşı, yüksək rütbəli nümayəndələr, xarici diplomatlar, millət vəkilləri və digər rəsmilər iştirak edib.
***
2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva paradda olublar.
Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyiblər.
Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də digər silahlı qüvvələrin nümayəndələri iştirak ediblər.
Və nəhayət 2020-ci il dekabrın 10-da Azadlıq meydanında İkinci Qarabağ müharibəsindəki Qələbənin şərəfinə Zəfər paradı təşkil olunub. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türkiyəli hərbçilər də iştirak edib.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.
Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
Qeyd edək ki, Milli Ordumuzun ilk hərbi paradı Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1919-cu ilin aprelin 5-də keçirilib.
İkinci hərbi parad da Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edib - 1919-cu ildə iyulun 29-da Xankəndi şəhərində keçirlən paradı Baş nazir Nəsib bəy Yusifbəyli qəbul etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.