SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov ermənistanlı həmkarı ilə görüşmək üçün ABŞ-a yola düşüb

ABŞ-da “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Sputnik
BAKI, 26 iyun — Sputnik. İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətindən bildirilib.
Səfər çərçivəsində dövlət katibi A.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin rəsmi Bakının xahişi ilə görüş təxirə salınmışdı.
Vaşinqtonda nazirlərin əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib. XİN rəhbərləri ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər.
Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.