BAKI, 25 iyun — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bazar günü Rusiyada baş verən hadisələrlə əlaqədar Təhlükəsizlik Şurasının növbədənkənar iclasını keçirib və hökumət qurumlarına böhran vəziyyətlərinin mümkün təhdidlərinə cavab verməyə hazır olmağı tapşırıb. Bu barədə RİA Novosti prezident Tokayevin mətbuat xidmətinə istinadən məlumat verib.
Qazaxıstan lideri Rusiyadakı vəziyyətlə bağlı sərəncamların yerinə yetirilməsi ilə bağlı tədbirlər haqqında Baş nazirin, Baş prokurorun, Milli Təhlükəsizlik Komitəsi sədrinin, müdafiə, daxili işlər və xarici işlər nazirlərinin məruzələrini dinləyib. O, ölkədə maliyyə-iqtisadi sabitliyin, eləcə də Qazaxıstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini qeyd edib.
"Rusiyada baş verənlərin onun daxili işi olmasına baxmayaraq, Qazaxıstan xalqı Qazaxıstanın dünyada ən uzun sərhədə malik olduğu dost ölkədəki vəziyyəti narahatlıqla qarşılayıb", - mətbuat xidmətinin məlumatında deyilir.
Tokayev vurğulayıb ki, Rusiya Qazaxıstanın strateji tərəfdaşıdır.
Dövlət başçısı xatırladıb ki, Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Rusiya hakimiyyətinin konstitusiya quruluşunun bərpası və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərini dəstəkləyib.
Təhlükəsizlik Şurasının iclasından sonra Tokayev hökumət tərəfindən hazırlanmış əməliyyat planını təsdiqləyib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.
Prezident Vladimir Putin ruslara müraciətində bildirib ki, üsyana cəhddə günahkar olanların hamısı qaçılmaz cəzaya məruz qalacaq, qanun və xalq qarşısında cavab verəcək. O, həmçinin qeyd edib ki, mülki və hərbi hakimiyyət orqanlarının işinin faktiki olaraq bloklandığı Rostov-na-Donuda vəziyyəti sabitləşdirmək üçün qəti addımlar atılacaq.
Qeyd edək ki, ğtən gün Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı əsasında "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.
Priqojin Belarus prezidentinin öz döyüşçülərinin Rusiya boyu irəliləməsini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib. Müzakirə masasına "Vaqner" döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə vəziyyətin həlli üçün sərfəli və məqbul variantlar çıxarılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.