BAKI, 25 iyun — Sputnik, Marta Kurt. “Royal Ascot” at yarışarı Kral ailəsi və ingilis cəmiyyətinin bütün "qaymaqları"nın Askotda cins atların yarışını izləmək üçün toplandığı ən parlaq və gözlənilən hadisədir. İldən-ilə yarışların açılışı böyük təntənə ilə keçirilir. Ancaq tədbirdə toplanan ictimaiyyəti birləşdirən təkcə idman deyil, hətta paralel olaraq incə qadın şlyapalarının defilesi olan moda müsabiqəsi də birləşdirir.
İngilis zadəganları ictimaiyyət qarşısında ən yaxşı şəkildə görünmək üçün çox səy göstərirlər, çünki “Royal Ascot”da dünyəvi çıxışlar bütün dünyada maraqla izlənilir və sosial şəbəkələrdə ən yaxşı və ən pis geyimlər haqqında qızğın müzakirələr gedir.
Kral at yarışları ciddi geyim forması (Dress-kod) ilə tanınır. Məsələn, qadın paltarları və ətəkləri dizdən aşağı olmalıdır, ipsiz və ya şəffaf ipli libaslar və bluzlar qadağandır, dərin dekolteli geyimlər olmamalıdır. Yalnız 2018-ci ildən qadınlara şalvarlı kostyum geyinmək hüququ verilib. Kişilər isə, məsələn, topuqları örtən çoraplar geyinməlidirlər və yalnız klassik qalstuklar taxmalıdırlar ("kəpənək" taxmaq olmaz). Geyimi təxmin etməyənlər bəzi paltar və ya aksessuarları girişin qarşısındakı köməkçilərdən icarəyə götürə bilərlər. Bu qaydalar Kral lojasının qonaqlarına şamil edilir. Digər tamaşaçılar isə istədikləri geyimlərlə yarışlarda iştirak edə bilərlər.
Yarışlarda tamaşaçı kimi iştirak etmək asan deyil, qiyməti 21 funt sterlinqdən başlayan biletlər əvvəlcədən satılıb qurtarır. Hər il tədbirə yarım milyona qədər insan qatılır. Böyük Britaniyanın Kral ailəsi üçün bu tədbir, hətta ən uzaq qohumların da gəldiyi və bütün ailənin bir araya toplaşdığı böyük bir ailə bayramı kimi bir hadisədir.
Kral ailəsinin üzvləri ənənəvi olaraq qonaqların qarşısında karetlə dövrə vuraraq, cıdır meydanına gəliblər. Bu il Böyük Britaniya Kralı və Kraliçası yarışın ilk günündə olublar - III Karl tədbirdə mavi köynəklə açıq boz rəngli frakda, gümüş rəngli qalstuk və qara silindr ilə iştirak edib. Onun həyat yoldaşı Kamila isə yümgül paltodan ibarət ağ kostyum, paltar və enli şlyapaya üstünlük verib. Obraz klatç, əlcəklər, ayaqqabılar və zinət əşyaları ilə tamamlanıb: böyük brilyantlarla qızıl sırğalar, boynunda nazik qızıl sep, paltonun altında qalan biləklərdəki çoxlu kiçik bilərziklər və bəzəkli sancaq.
"Jewellery Digest" mediasının verdiyi məlumata görə, 1919-cu ildə "Goldsmiths & Silversmiths Co" şirkətinin zərgərləri tərəfindən yaradılmış brilyant və böyük mirvari ilə dəniz qabığı şəklində olan zərgərlik əşyası rəssam və illüstrator Uinifred Houp Tompsona məxsus olub. Bəzəkli sancaq onun qardaşı, pnevmatik təkərin ixtiraçısı Robert Tompsonun oğlu Kurto Tompson tərəfindən hazırlanıb. 1944-cü ildə onun vəsiyyətinə görə, zərgərlik əşyası gələcək Kraliça I Elizabetə verilib. Sonuncu Kraliça bəzəkli sancağı bir neçə dəfə, o cümlədən 2000-ci ildə 100 illik yubileyində taxıb. Daha sonra II Elizabet taxıb, indi isə zərgər əşyası Kraliça Kamilaya verilib.
Askotda yarışlar ilk dəfə 1711-ci ildə Stüart sülaləsindən olan Kraliça Annanın göstərişi ilə keçirilib. O vaxtdan bəri tədbir hər il iyun ayının üçüncü həftəsində keçirilir. Tədbirin həmişə sponsorları olur. O cümlədən, yarışların rəsmi saytında “QIPCO” şirkəti tədbirin sponsoru kimi qeyd edilib. İngiltərə mətbuatının yazdığına görə, şirkətin sahibi Qətər Şeyxi Həməd bin Abdallah Əl Taninin Kral lojasından heç də geri qalmayan öz lojası var.