CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zavod çörəyinin qiyməti ucuzlaşdı - Bəs digərləri?

Söhrab Cabbarov bildirib ki, hazırda 650 qramlıq çörək artıq 65 qəpiyə yox, 60 qəpiyə satılır.
Sputnik
BAKI, 24 iyun — Sputnik. Azərbaycanda çörəyin qiyməti ucuzlaşıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Zavod çörəyi ucuzlaşdı
"Nur" çörək zavodunun direktoru Söhrab Cabbarov Sputnik Azərbaycan-a açıqlamasında çörəyin qiymətinin ucuzlaşdığını təsdiqləyib. O, bildirib ki, bu günlə üç gündür ki, bütün marketlərdə çörəyin qiymətində ucuzlaşma var. Belə ki, 650 qramlıq çörək artıq 65 qəpiyə yox, 60 qəpiyə satılır.
"Üc gündür ki, çörəyin qiymətini ucuzlaşdırmışıq. 65 qəpiyə satılan çörək 60 qəpik olub. Unun qiyməti ucuzlaşdığından çörək də ucuzlaşıb. Zavod çörəyi sosial çörək olduğu üçün hələlik zavod çörəyinin qiyməti ucuzlaşıb. Digər çörəklərin qiyməti dəyişməyib", - deyə S. Cabbarov bildirib.
Unun qiyməti 12 manat enib
"Abşeron" un zavodundan isə Sputnik Azərbaycan-a bildirdilər ki, 50 kiloqramlıq əla növ un kisəsinin qiyməti hazırda 28 manatdır. O, unun qiymətinin 12 manat ucuzlaşdığını söyləyib. Zavoddan bildirdilər ki, 1 ci sort 50 kiloqramlıq un kisəsinin qiyməti isə 25 manat 25 qəpik olub.
Qeyd edək ki, FAO-nun məlumatına görə, beynəlxalq buğda qiymətləri istehsalın artması və ixracatçılar arasındakı güclü rəqabət nəticəsində 7,1 faiz aşağı düşüb. Ukraynaya Qara dənizdən ixracı davam etdirməyə imkan verən "Taxıl sazişi"nin müddətinin uzadılması da qiymətlərin aşağı düşməsinə səbəb olub. Bundan başqa, Rusiyada güclü rəqabət bazarlarda qiymətin aşağı düşməsinə təsir göstərib. Avstraliyada yüksək istehsal proqnozları qlobal tədarük perspektivini daha da artırıb.
Xatırladaq ki, ötən il ölkədə unun qiyməti iki dəfə bahalaşıb. Belə ki, 2022-ci ilin əvvəlində 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı.
Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu.
2022-ci ilin avqust ayında isə unun qiymət 40 manat 70 qəpiyə qalxdı. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik oldu. Bu ilin mart ayının 11-dən etibarən iri market şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiymətinin 70 qəpikdən 65 qəpiyə düşdüyü müşahidə olundu. Hazırda marketlərdə zavod çörəyi 60 qəpiyə enib.