CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun gəlir

Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Sputnik
BAKI, 24 iyun - Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 9 fəsil, 68 maddən ibarətdir.
Bu Qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
Bu Qanun qüvvəyə minənədək ödəniş xidmətlərini göstərən şəxslər bu Qanun qüvvəyə mindiyi tarixdən etibarən 6 ay müddətində lisenziya almalı və reyestrə daxil edilməli, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, bu Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Yeni qanun layihəsinə əsasən, Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək.
Həmin təşkilatlar aşağıdakılardır:
- Azərbaycan Mərkəzi Bankı;
- banklar və xarici bankların yerli filialları;
- Bank olmayan kredit təşkilatları;
- Poçt rabitəsinin milli operatoru;
- Ödəniş təşkilatları;
- Elektron pul təşkilatları.
Xatırladaq ki, Mərkəzi Bank sədrinin birinci müavini Rəşad Orucov ödəniş xidmətlərinin və ödəniş sistemlərinin ölkənin maliyyə sektorunda sürətlə inkişaf edən sahələrdən biri olduğunu deyib. O, bu istiqamətdə istifadəçilərin hüquqlarının qorunması, aparılan əməliyyatların təhlükəsizliyinin təmin edilməsi, bu sahədə xidmət göstərən təşkilatlara qoyulan tələblərin sistemləşdirilməsi, onların fəaliyyətinə nəzarətin təmin edilməsinin vacibliyindən söhbət açıb. Qeyd edib ki, Prezidentin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin, habelə ölkə başçısının 26 sentyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi ilə əlaqədar göstərilən istiqamətlərdə hüquqi bazanın təkmilləşdirilməsi çərçivəsində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsi hazırlanıb və Milli Məclisə təqdim olunub.
Mərkəzi Bankın Baş direktoru Fərid Osmanov bildirib ki, qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin, ödəniş təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının, ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir.
Bildirilib ki, layihədə elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur. Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması, xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı meyarlar əks olunub.