BAKI, 24 iyun — Sputnik. "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçülərinin Rusiyada silahlı üsyan təşkil etmək cəhdi uğursuzluqla nəticələnib.
Bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru, Rusiya Tarix Cəmiyyətinin sədri Sergey Narışkin bildirib.
"Cəmiyyəti çalxalamaq, içindəki ən qaranlıq istəkləri oyatmaq, vətəndaş müharibəsini alovlandırmaq cəhdi uğursuz oldu" – deyə o, Rusiya Tarix Cəmiyyətinin "Telegram" kanalında yazıb.
Narışkin qeyd edib ki, rusiyalılar bu vəziyyətdə öz vətəndaş yetkinliyini və həqiqəti yalandan ayırmaq bacarığını nümayiş etdiriblər.
"Döyüşən ordunun arxasında dövlət çevrilişinə cəhd heç bir keçmiş xidmətlə bəraət qazana bilməyən cinayətdir", - deyə cəmiyyətin sədri bildirib.
O xatırladıb ki, Rusiyanın düşmənləri heç vaxt ölkəni silah gücü ilə məğlub edə bilməyiblər, ona görə də onu içəridən parçalamağa çalışıblar.
"Rusiya tarixi cəmiyyəti həmvətənlərini Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin - Konstitusiyanın, hüquq və azadlıqların qarantı ətrafında birliyə və heç nəyə baxmayaraq düşmənin hücumunu dayandıran ordumuza dəstək olmağa çağırır", - deyə Narışkin yazıb.
Bundan əvvəl Putin xalqa xüsusi müraciətində bəyan edib ki, hakimiyyət ölkədə parçalanmanın təkrarlanmasına imkan verməyəcək. O bildirib ki, silahlı qiyamın təşkilatçıları qanun çərçivəsində cavab verəcəklər.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin (ÖHŞ) döyüşçüləri silahlı üsyan təşkil etməyə cəhd ediblər. Onlar Rostovda bir sıra obyektləri zəbt ediblər. Hakimiyyət şəhər sakinlərini küçələrdən hərbi texnikanın keçə biləcəyi səbəbi ilə diqqətli olmağa çağırıb. FTB əməkdaşları hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin ifadələri ilə bağlı cinayət işi açıb.