BAKI, 24 iyun - Sputnik. Azərbaycana idxal edilən işlənmiş minik avtomobillərinə görə utilizasiya haqqı alınacaq.
Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar Haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.
Bu Qanun 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Qeyd edək ki, dövlət texniki baxışı üzrə utilizasiya haqqı nəqliyyat vasitəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulan müddətlərdə texniki baxışa faktiki təqdim olunan vaxt ödənilir.
Utilizasiya haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin istehsal-buraxılış ili üzrə müəyyən edilir.
Nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini bu Qanunun 14-4-cü və 14-5-ci maddələrində nəzərdə tutulan reyestrdə qeydiyyata alınmış şəxslər və digər şəxslər həyata keçirə bilər.
Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı bu Qanunun 14-7-ci və 14-8-ci maddələrinin tələbləri nəzərə alınmaqla, utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd verilir.