BAKI, 22 iyun — Sputnik. Bu günlərdə Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılan "Dərman vasitələri haqqında" qanuna xaricdən şəxsi istifadə üçün dərman preparatlarının gətirilməsi üçün dəyişiklik təklif edilib. Dəyişikliyə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün həkimin reseptə yazdığı qədər dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Gömrük işçiləri reseptə baxacaq
Layihəyə görə, klinik protokollara əsasən xəstələrin müalicəsi üçün zəruri hesab olunan, lakin beynəlxalq patentləşdirilməmiş adı (təsiredici maddənin adı) ilə dövlət qeydiyyatına alınmayan dərman vasitəsi reseptdə yazıla bilər. Bu halda həmin dərman vasitəsinin tələb olunan miqdarı göstərilməklə resept sistem vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan iki iş günü müddətində həmin reseptin klinik protokollara və xəstənin elektron sağlamlıq kartındakı məlumatlara uyğunluğunu yoxlayır. Nəticəyə uyğun olaraq resepti elektron sistemdə təsdiq edir və ya təsdiqindən imtina edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən resept təsdiq olunduqdan sonra orada göstərilən dövlət qeydiyyatında olmayan dərman vasitəsi ölkəyə gətirilə bilər.
Hazırda qüvvədə olan qanuna görə isə Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər.
Azərbaycanda dərman preparatlarının qiymətinin baha və keyfiyyətsiz olması səbəbindən son illər pasiyentlərin əksəriyyətinin dərmanları xaricdən aldığı danılmazdır. Qanuna ediləcək yeni dəyişikliklər isə ölkə vətəndaşlarını çətin vəziyyətə sala bilər.
"Şəxsi istifadə üçün xaricdən alınan dərmana resept tələn olunması absurddur"
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vətəndaşlara ancaq reseptdə yazılan sayda dərman gətirməyə icazə vermək absurddur. Vətəndaşların gətirdiyi dərman preparatları ölkənin dərman bazarına, dərman bazarının dövriyyəsinə təsir göstərmir.
"Dünyada bununla bağlı ağlabatan kriteriyalar var. Bir dərmandan 100 ədəd gətirilərsə, bunun şəxsi istifadə üçün olmadığı bəllidir. Amma bir şəxsin bir dərmandan 3-5 qutu gətirməsi ticarət məqsədi daşıya bilməz!", - deyə N. Cəfərli bildirib.
Həmsöhbətimizin sözlərinə görə, elə dərman preparatları var ki, onları vətəndaşlar profilaktik məqsədlə alıb istifadə edirlər. Həkimin buna görə resept yazmasına ehtiyac qalmır: "Məsələn, mən xaricə gedəndə uşaqlar üçün vitaminlər alıb gətirirəm. Bunun üçün həkimin resept yazmasına ehtiyac yoxdur. Belə çıxır, xaricdən vitaminləri gətirməyə qoymayacaqlar ki, resept yoxdur? Bu, absurd yanaşmadır".
Dərman alverçiləri həkimlərlə sövdələşə bilər
Müsahibimiz onu da əlavə edib ki, bu qayda dərman alverçiləri ilə həkimlərin sövdələşməsinə də səbəb ola bilər:
"Tutaq ki, həkim hər dərmandan 50 ədəd yazıb. Bu zaman həkimə kim irad tutacaq ki, dərmandan niyə 50 ədəd yazmısan? Təbii ki, bir dərmandan 100 ədəd gətirilirsə, bu, şübhələr yarada bilər. Odur ki, sözügedən dəyişikliklər korrupsiya problemi yaradacaq".
İqtisadçı hesab edir ki, bu məsələdə beynəlxalq təcrübədən istifadə edilməlidir. Çünki beynəlxalq təcrübədə ağlabatan kriteriyalar var və bunlar şübhə yaratmır:
"İnsan bir illik istifadə üçün xaricdən dərman gətirsə belə, bir dərmandan 20 qutudan artıq gətirə bilməz. Resept anlayışı Azərbaycanın daxili üçündür. Xaricdən gətirilən dərman preparatlarına reseptlə məhdudiyyət qoymaq düzgün yanaşma deyil. Dünyanın heç bir ölkəsində bu praktikadan istifadə edilmir".
Azərbaycanda dərmanların qiyməti niyə bahadır?
N.Cəfərli deyir ki, hökumət bundansa, ölkəmizdə dərman preparatlarının xariclə müqayisədə kəskin baha olmasına səbəb olan monopolyanın qarşısını almalı, ölkəmizə idxal olunan dərmanların keyfiyyətinə nəzarəti artırmalıdır.
İqtisadçı həmçinin əlavə edib ki, ölkə ərazisində dərman istehsalı yoxdur, 95 faiz xaricdən asılıyıq. Bu zaman əlavə dəyər vergisinə ehtiyac qalmır. Çünki bu hal avtomatik olaraq qiyməti 18 faiz artırır.
N.Cəfərli dərman preparatlarının qiymətlərinin Tarif Şurası tərəfindən tənzimlənməsi siyasətinin də tamamilə yanlış olduğu qənaətindədir.
Xatırladaq ki, bu günlərdə Milli Məclisin Səhiyyə komitəsinin iclasında Səhiyyə nazirinin müavini Rasim İsmayılov dərmanların qiymətinin baha olmasının səbəblərini açıqlayıb. O, bildirib ki, Azərbaycanda dərman qiymətləri müəyyən ölkələrə baxdıqda bahadır. Lakin siyahı elə də çox deyil. Türkiyə ilə qiymətləri müqayisə etsək, orada 70-80 faizdən çoxu daxili istehsaldır.
"Bu gün Türkiyədə 1 avro 24-26 TL olursa, dərman qiymətlərinin tənzimlənməsində 1 avro 14-15 TL götürülür. Yəni qiymətlərin 50 faizdən çoxu dövlət dotasiyası ilə tənzimlənir. İki gün öncə idxalçılarla görüşümüz olub. Onların ölkə səhiyyəsinin inkişafı üçün kifayət qədər ciddi fikirləri var. Əsas gətirirlər ki, bu gün ölkədə qiymətlərin uyğun olmamasının əsas səbəbi istinad ölkələrin siyahısında Türkiyənin götürülməsidir. Bu baxımdan istinad ölkələrə yenidən baxılması nəzərdə tutulub. Ümumiyyətlə, Tarif Şurası tərəfindən qiymətlərin tənzimlənməməsi müzakirə mövzusu deyil. Əgər idxalçılar bilsələr ki, qiymətlər Tarif Şurası tərəfindən təsdiqlənmir, o zaman bugünkü qiymətlərdən daha baha qiymətlər təklif edə bilərlər", - nazir müavini deyib.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, Azərbaycanda dərmanların qiyməti çox yüksəkdir. Bunu yoxlamaq çox asandır və müxtəlif ölkələrə nəzər yetirmək kifayətdir.
"Tarif Şurası qiymətləri tənzimləyərkən bunu nəzərə almalıdır. Qiymətlər optimallaşdırılmalıdır", - deyə Komitə sədri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.