BAKI, 23 iyun — Sputnik. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, narkotikin təsiri altında avtomobil sürənlərin 600 manat cərimələnməsi, sürücülük hüququnun 6 ay məhdudlaşdırılması, narkotikin təsiri altında ictimai nəqliyyat idarə edənlərin sürücülük hüququnun 2 ilədək məhdudlaşdırılması, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında avtomobili idarə etdikdə, onların 800 manat cərimələnməsi, sürücülük hüququ olmayanlar narkotikin təsiri altında ictimai nəqliyyatı idarə etdikdə, onların 6 ayadək inzibati həbs olunması, narkotikin təsiri altında olduqları halda tibbi müayinədən imtina edənlərin sürücülük hüququnun 1 ilədək məhdudlaşdırılması və digər cərimə və cəzalar nəzərdə tutulur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, layihədə yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəblərindən biri olan nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, xüsusilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə edilməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.
Sənəddə nəqliyyat vasitələrinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı ayrıca inzibati xətanın müəyyən edilməsi, həmin xətanın alkoqol sərxoşluğu vəziyyətində törədilən xətalardan fərqləndirilərək sanksiyalarının ağırlaşdırılması nəzərdə tutulur.
O bildirib ki, bundan əlavə, layihədə yol-nəqliyyat hadisələrinin baş verməsinin digər səbəblərindən olan sürət həddinin aşılması, qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma, ötmə və manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulması və s. halların törədilməsinin qarşısının alınması məqsədilə İnzibati Xətalar Məcəlləsində qeyd edilənləri nəzərdə tutan müvafiq xətalara görə sanksiyalarının sərtləşdirilməsi təklif olunub.
Deputat Kamal Cəfərov vurğulayıb ki, layihənin əsas məqsədi qanunun çəkindirici gücünün artırılması və daha ağır qəzalara risk yaradan hallara qarşı mübarizədir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.