SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ombudsman əsir götürülən hərbi qulluqçularımızla bağlı müraciət edib

Ermənistan tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilən hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib:
Müraciətdə qeyd olunub ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülən Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar: "Bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir. Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozub".
"Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər", - deyə müraciətdə qeyd olunub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.