BAKI, 22 iyun — Sputnik. İranın Hörmüzqan vilayətində də saxta spirtli içkidən zəhərlənmə halları qeydə alınıb.
Bu barədə ISNA məlumat yayıb.
Hörmüzqan vilayətinin Hacıabad şəhərində 11 nəfər saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, zəhərlənənlərin sayının artması ehtimalı ilə əlaqədar vilayətin bütün xəstəxanaları tam hazırlıq vəziyyətinə gətirilib. Bundan əlavə, Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində 7 nəfər saxta spirtli içkidən zəhərlənib. Sərdəştdə İmam Xomeyni xəstəxanasına yerləşdiriliblər (APA).
Qeyd edək ki, bundan öncə də İranda baş verən zəhərlənmə hadisələri rezonansa səbəb olub.
Belə ki, bir müddət öncə qısa müddətdə ölkədə ikinci dəfə məktəbli qızların zəhərlənməsi hadisəsi böyük səs-küyə səbəb olmuşdu.
Sonuncu belə hadisədə 20 məktəbli qız zəhərlənmişdi. Həmin dövrdə məktəbli qızlar ürəkbulanma və baş ağrılarından şikayətləniblər. Naməlum maddənin qurbanları arasında yüzlərlə şagird olub. Qızların kütləvi zəhərlənməsinə etiraz olaraq isə ölkədə müxtəlif etiraz aksiyalarına start verilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.