BAKI, 21 iyun — Sputnik. Türkiyənin Baş Təhlükəsizlik İdarəsi "TikTok"da oğurlanmış kredit kartlarından əldə edilən gəlirləri yuyan şəbəkəyə qarşı əməliyyat keçirib.
Türkiyə mətbuatının yazdığına görə, 120 şübhəlinin tutulduğu əməliyyatda 1,2 milyard lirənin yuyulduğu müəyyən edilib.
Türkiyə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, vətəndaşların kredit kartı məlumatlarını ələ keçirən fırıldaqçılar bu kartlarla "TikTok"da jeton alıb, müxtəlif "TikTok" fenomenləri ilə əməkdaşlıq edərək pulları yuyublar.
"TikTok" canlı yayımlarında tamaşaçılar jeton göndərməklə yayımcıya maddi dəstək verə bilərlər. Fırıldaqçıların oğurlanmış kredit kartlarından jeton aldıqları və bu jetonları əməkdaşlıq etdikləri fenomenal hesablara göndərdikləri və jetondan əldə edilən gəliri paylaşdıqları müəyyən edilib.
Fırıldaqçılar və müxtəlif fenomenlər saxlanılıb. 4 mindən çox bank hesabı araşdırılıb və onlar arasında 1,2 milyard TL pul axını olduğu müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.