BAKI, 21 iyun — Sputnik. Polşa silahlı qüvvələrinin şəxsi heyətinin sayı 172 min nəfəri ötüb.
Bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, bu göstərici yeddi il bundan əvvəl ilə müqayisədə 77 min nəfər çoxdur.
Qeyd edilib ki, Polşa hökuməti Ukraynadakı müharibəyə görə ölkənin silahlı qüvvələrinin sayının artırılmasını prioritet məsələ kimi qoyub və say artırılıb: "Faktlar ondan ibarətdir ki, hazırda 172 mindən çox əsgərimiz var. 2015-ci ildə onların sayı cəmi 95 min idi".
Qeyd edilməlidir ki, Polşanın keçmiş müdafiə naziri və hazırda müxalifətdə olan Tomaş Siemonyak hökuməti statistik rəqəmləri şişirtmək, ordu haqqında göstəriciləri ictimaiyyətdən gizlədərək məxfiləşdirməkdə ittiham edib.
Müdafiə nazirinin müavini Voyçiex Skurkieviçin sözlərinə görə, Polşa qoşunlarının ümumi sayı ictimaiyyətə açıqdır, ayrı-ayrı qoşun birləşmələri və silahlı qüvvələrin növləri üzrə şəxsi heyət barədə məlumatlar isə həssas rəqəmlər hesab olunur.
Qeyd edilib ki, Polşa ordusunda tamştatlı iş yerlərinin sayı Hərbi Kəşfiyyat Xidmətinin heyəti nəzərə alınmazsa, 159 min nəfərə yaxındır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.