BAKI, 21 iyun — Sputnik. Cari ilin birinci rübündə Azərbaycana cəlb edilən birbaşa xarici investisiyaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz və ya 312 milyon 677 min dollar azalaraq 1 milyard 501 milyon 469 min dollar təşkil edib.
Sputnik Azərbaycan Azərbaycan Mərkəzi Bankına istinadla cari ilin ilk 3 ayında Azərbaycana birbaşa xarici investisiya qoyan ilk 4 ölkəni təqdim edir.
Azərbaycana ən çox birbaşa xarici investisiya Birləşmiş Krallıqdan cəlb edilib
Cari ilin ilk 3 ayında Azərbaycana ən çox birbaşa xarici investisiya Birləşmiş Krallıqdan cəlb edilib. Hesabat dövründə Birləşmiş Krallıqdan cəlb edilən investisiyanın həcmi 464 milyon 723 min dollar olub. Birləşmiş Krallıqdan Azərbaycana cəlb edilən investisiyaların həcmi ümumi xarici investisiyaların 31 faizini təşkil edib.
Azərbaycana ikinci ən çox birbaşa xarici investisiya Türkiyədən cəlb edilib
Bu ilin ilk rübündə Azərbaycana ikinci ən çox birbaşa xarici investisiya Türkiyədən cəlb edilib. Belə ki, hesabat dövründə Türkiyədən cəlb edilən investisiyanın həcmi 289 milyon 439 min dollar olub. Türkiyədən ölkəmizə cəlb edilən investisiyaların həcmi ümumi xarici investisiyaların 19,3 faizini təşkil edib.
Azərbaycana üçüncü ən çox birbaşa xarici investisiya Kiprdən cəlb edilib. Belə ki, hesabat dövründə Kiprdən cəlb edilən investisiyanın həcmi 201 milyon 522 min dollar olub. Kiprdən ölkəmizə cəlb edilən investisiyaların həcmi ümumi xarici investisiyaların 13,4 faizini təşkil edib.
Azərbaycana dördüncü ən çox birbaşa xarici investisiya İrandan cəlb edilib. Hesabat dövründə İrandan cəlb edilən birbaşa investisiyanın həcmi 100 milyon 561 min dollar olub. İrandan ölkəmizə cəlb edilən investisiyaların həcmi ümumi xarici investisiyaların 6,7 faizini təşkil edib.
Sonrakı yerlərdə isə Niderland, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər ölkələr gəlir.
Birbaşa xarici investisiyalar üzrə mənfi saldo yaranıb
Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1,5 milyard dollar, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 289 milyon dollar olub. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0,7 milyard dollar mənfi saldo yaranıb.
Xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi çox olub
Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77,5 faiz təşkil edib. Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 54 faiz azalaraq 337,5 milyon dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.