İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.
Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verilib.
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. May ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınıb, illik inflyasiya 11.5% təşkil edib ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 12.7%-ə enib.
Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir. Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərinin yüksəldilməsi, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, məcburi ehtiyat normalarının qaldırılması və makro-prudensial tələblərdə edilən dəyişikliklər monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini məhdudlaşdırır.
Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək. Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcək. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək.
Bu qərar 22 iyun 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyul ayının 26-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.