BAKI, 21 iyun — Sputnik. Aİ-nin Rusiya aktivlərinin istifadəsi üzrə işçi qrupu belə qənaətə gəlib ki, Qərbin sanksiyaları ilə əlaqədar dondurulmuş Rusiya aktivlərinin tamamilə müsadirəsi üçün heç bir hüquqi əsas yoxdur. Bu barədə "Bloomberg" məlumat yayıb.
May ayında "Welt am Sonntag" Avropa Komissiyasına istinadla bildirmişdi ki, Aİ sanksiyalara məruz qalan rusiyalıların 24,1 milyard avroluq şəxsi vəsaitlərini dondurub. Elə həmin ay Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivinin dondurulduğunu açıqlamışdı.
"İşçi Qrup dondurulmuş və ya hərəkətsizləşdirilmiş aktivlərin müsadirəsi üçün heç bir etibarlı hüquqi əsas görmür, çünki bu aktivlər yalnız Aİ-nin məhdudlaşdırıcı tədbirlərinə məruz qalır", - deyə məlumatda qeyd olunub.
Agentlik həmçinin məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yazır ki, dünyanın bir sıra iri bankları Rusiya aktivlərinin Aİ tərəfindən tam mənimsənilməsinin Moskvanın bu bankların Rusiyadakı maraqlarına təsir edəcək reaksiyasına səbəb ola biləcəyindən narahatdırlar və bəzi bank rəhbərləri buna qarşı çıxırlar.
Rusiya Federasiyasının Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra Qərb ölkələri Rusiyaya qarşı bir sıra sərt sanksiyalar, o cümlədən ölkənin valyuta ehtiyatlarının təxminən yarısının - təxminən 300 milyard dolların dondurulması ilə bağlı tədbirlər həyata keçirib. Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsinin mümkünlüyündən danışarkən, RİA Novosti-yə müsahibəsində bildirib ki, ABŞ və Avropa vaxtilə onlara aid olmayanları mənimsəyiblər. O qeyd edib ki, əmlakın müsadirə olunması, təyyarələrin, əmlakın həbsi, rusiyalı iş adamlarına qarşı sanksiyalar Qərbdə özəl mülkiyyətin müqəddəsliyinin çökdüyünü və orada biznes qurmağın təhlükəsini nümayiş etdirir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın Avropadakı aktivlərinin dondurulmasını oğurluq adlandıraraq, Aİ-nin təkcə şəxsi vəsaitləri deyil, həm də Rusiyanın dövlət aktivlərini hədəf aldığını qeyd edib.