BAKI, 20 iyun — Sputnik. Bazarlar Çin Mərkəzi Bankının uçot dərəcəsini gözləniləndən daha çox aşağı salmasını, zəif iqtisadi proqnozları dəyərləndirdiyi üçün neft qiymətləri aşağı düşüb.
"Brent" nefti 0,3% ucuzlaşaraq 75,86 dollara, ABŞ-ın Qərbi Texas nefti isə 0,6% ucuzlaşaraq 71,08 dollara düşüb.
Çin iqtisadiyyatının bərpası ilə bağlı artan narahatlıqlar bu həftə neft qiymətlərinə təsir edib. Bazarlar iqtisadi artımın pisləşməsinin bu ilin sonunda Çinin neftə olan tələbini azalda biləcəyindən ehtiyatlanır.
Dünyanın ən böyük neft idxalçısı olan Çin istehsal və əmlak sektorlarında yaşanan geriləmə fonunda iqtisadi artımı dəstəkləmək üçün mübarizə aparır. Bu ilin əvvəlində pandemiya məhdudiyyətlərinin aradan qaldırılmasına baxmayaraq, bu iki sektor bərpa oluna bilməyib.
Xatırladaq ki, keçən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light") qiyməti 0,82 dollar artaraq 78,58 dollar olub.
2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Azərbaycan "OPEC plus"un qərarını dəstəkləyib
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında "Əməkdaşlıq Bəyannaməsi" ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı "OPEC plus" üzrə 40,46 milyon barel, Azərbaycan üçün 551 min barel həcmində müəyyən edilib.
"OPEC plus"un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, "Əməkdaşlıq Bəyannaməsi" iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.
"OPEC plus"un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.