TƏHSİL

Bakıda sertifikatlaşdırma prosesinə 2000-dən çox müəllim cəlb olunacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, sertifikasiyaya 2 072 təhsilverən dəvət olunub.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Sertifikatlaşdırma prosesinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri cəlb edilib.
İdarədən Sputnik Azərbaycan-a bildirilib ki, sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə (20-24 iyun 2023-cü il tarixlərində) BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 2 072 təhsilverən (1 596 Azərbaycan dili və ədəbiyyat müəllimi, 476 ibtidai sinif müəllimi) dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Qeyd edək ki, bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.
Məlumat üçün bildirək ki, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.