BAKI, 20 iyun — Sputnik. Azərbaycanda adambaşına düşən orta aylıq xərc artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 409,7 manat pul xərcləyib. Bu göstərici 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 57,1 manat və ya 16,1 faiz çoxdur.
Pərakəndə ticarətdə orta aylıq 409,7 manat xərcin 235,8 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 173,9 manatı isə qeyri-ərzaq mallarının payına düşüb.
"Adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır"
Ekspertlərin sözlərinə görə, ölkəmizdə adambaşına düşən xərclərin artmasının əsas səbəbi inflyasiyadır. Keçən il ölkəmizdə inflyasiya yüksək olub və bu il də inflyasiya davam edir. Ona görə də adambaşına düşən xərclər artır. Eyni məhsulu almaq üçün keçən il daha az, bu il isə daha çox vəsait sərf olunur.
Ekspertlərin fikrincə, növbəti aylarda ölkədə inflyasiyanın bir qədər azalacağı gözlənilir.
Orta illik ərzaq inflyasiyası 15,8 faiz olub
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 15,8 faiz olub. Bu ilin 5 ayında təkcə ərzağın qiyməti qalxmayıb, qeyri-ərzaq mallarının (11,6 faiz), ödənişli xidmətlərin qiymətləri (10,6 faiz) də bahalaşıb. Lakin ölkəmizdə ərzaq inflyasiyasının artım tempi azalıb. Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda orta illik ərzaq inflyasiyası 16,6 faiz, 2023-cü ilin yanvar-mart aylarında isə 17,1 faiz olub.
Pərakəndə ticarət dövriyyəsi artıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20,8 milyard manatlıq, o cümlədən 12,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,0 faiz, qeyri-ərzaq malları üzrə 4,1 faiz artıb.
Xərclərin 52,9 faizi ərzaqların alınmasına gedib
2023-cü ilin yanvar-may aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 12,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,5 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Əhalinin dərman xərcləri azalır
Bu ilin 5 ayında əhali əczaçılıq məhsulları və tibbi ləvazimatlara 512 milyon manat pul xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz azdır.
"Bu il Azərbaycanda orta illik inflyasiya 10,4 faiz proqnozlaşdırılır"
Xatırladaq ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib ki, Mərkəzi Bankın inflyasiyanın azaldılması istiqamətində həyata keçirdiyi tədbirləri və hökumət tərəfindən atılan addımları nəzərə almaqla, bu il orta illik inflyasiyanın 10,4 faiz olması proqnozlaşdırılır.
O bildirib ki, Beynəlxalq Valyuta Fondunun hesabatına əsasən, dünya üzrə inflyasiya 7 faiz, inkişaf etməkdə olan ölkələr üzrə 8,6 faiz səviyyəsində proqnozlaşdırılır. İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır.
Onu da əlavə edək ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib.