BAKI, 19 iyun - Sputnik. İyunun 18-də Bakıda “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı başlayıb. Festival Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə baş tutur.
Festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak edib.
Konsertdən əvvəl müsahibə verən Xalq artisti Alim Qasımov festivalın əhəmiyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Görkəmli xanəndə bildirib ki, son illərdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunması və təbliği istiqamətində mühüm layihələr reallaşdırılıb: “Bu gün dünyanın çox yerində muğamlarımıza böyük maraq var. Xüsusilə ölkəmizdə keçirilən muğam festivalları, televiziya muğam müsabiqələri bu nadir sənət növünün həm yaşadılması, həm də gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu sırada “Muğam aləmi” festivalının da xüsusi yeri var. Bu festival 2009-cu ildən Bakıda keçirilir. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərinin eyni səhnədə çıxışı və ortaq musiqi dəyərlərinin paylaşılması baxımından olduqca təqdirəlayiqdir. Bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm”.
Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Khan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən araşdırmaçı, 2004-cü ildə kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.
“Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin beynəlxalq nümayiş müstəvisinə çevrilib. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.
Əvvəlki müsabiqələrdə bir çox ölkə və regionlardan olan gənc ifaçılar arasından xüsusi istedadı olanlar üzə çıxarılıb və onların sırasından bəzi mükafatçı və iştirakçılar dünya musiqisinin beynəlxalq səhnəsində artıq parlayıblar.
Festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.
İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Khan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək. Bu gün həmçinin festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi start götürür.