BAKI, 19 iyun — Sputnik. ABŞ 2024-cü ildə prezident seçkiləri ərəfəsində Rusiyada daxili siyasi vəziyyəti pozmaq istəyir. Bu, onların açıq-aşkar məqsədidir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Vahid Rusiya" partiyasının Baş Şurasının beynəlxalq əməkdaşlıq və xaricdəki həmvətənlərə dəstək komissiyasının iclası zamanı bildirib.
"Suveren ölkələrin daxili işlərinə qarışmaq kimi çirkin təcrübə davam edir. Bu cür müdaxilənin formaları çox müxtəlifdir, o cümlədən təhdidlər, şantaj, rəngli inqilabların təşkili", - deyə o, sözünə davam edib.
Lavrov, daha sonra qeyd edib ki, "Ukraynada 2014-cü ildə baş tutmuş qanlı dövlət çevrilişini" Qərb 2020-ci ildə Belarusda təkrarlamağa çalışsa da, nəticəsi olmayıb. Nazir əmindir ki, Qərb ölkələri bununla kifayətlənməyəcək.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərinə qədər Qərb ölkələrindən təzyiq cəhdlərinin dəfələrlə artacağını gözləyir.