CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət qulluğuna qəbul üçün test imtahanının nəticələri elan olunub

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyunun 20-dən iyulun 6-dək DİM-in portalında müraciət formasını doldurmalıdır
Sputnik
BAKI, 19 iyun — Sputnik. Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 iyun 2023‑cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirilib.
DİM-dən verilən xəbərə görə, imtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1970 namizəddən 48 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 1 nəfərin nəticəsi ləğv edilib.
İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 11 nəfər, BA2 altqrupu üzrə 26 nəfər, BA3 altqrupu üzrə 34 nəfər, BA4 altqrupu üzrə 63 nəfər, BB1 altqrupu üzrə 27 nəfər, BB2 altqrupu üzrə 49 nəfər, BB3 altqrupu üzrə 97 nəfər, BB4 altqrupu üzrə 147 nəfər olmaqla, ümumilikdə 454 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyunun 20-dən iyulun 6-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin "skan" edilmiş surətləri formaya əlavə edilir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə əlaqədar Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 20 iyun saat 10:00-dan 22 iyun saat 17:00-dək DİM-in saytında elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Apellyasiya prosesi telefon əlaqəsi vasitəsilə təşkil edilir. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.