Bakı bulvarında tatarların milli bayramı - "Sabantuy" qeyd olunub. Bu il tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
Bayram tədbirini Tatarıstanın rəhbəri Rüstəm Minnixanov açaraq Azərbaycan və Rusiyanın strateji tərəfdaş olduğunu və ölkələr arasında əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini qeyd edib.
Bayramda qonaqlar üçün tematik meydançalar, "Baursak evi" təşkil olunub ki, burada da tatar şirniyyatlarını, çay, keramika məhsullarını əldə etmək, həmçinin "baursak" adlanan un məmulatını dadmaq mümkündür.
"Milli müdriklik evi"ndə tatar ictimai xadimlərinə və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş "Mənəviyyat, mədəniyyət, maarifçilik" adlı sərgi təşkil olunub.
"Sabantuy" bayramının iştirakçıları tatar güləşi, iri qab sındırma, qaşıqla qaçış, torbalarda qaçış, hər iki tərəfində vedrə olan çiyin ağacı ilə qaçış, idman ağırlıq daşı qaldırma, "Mehriban ailə" və s. kimi idman-əyləncə oyunlarında da iştirak ediblər.
Bundan əlavə, qonaqlar Azərbaycan və Tatarıstandan olan yaradıcı kollektivlərin və incəsənət ustalarının iştirakı ilə konsert proqramından zövq ala biliblər.