BAKI, 17 iyun — Sputnik. Şuşada aparılan quruculuq işləri təqdirəlayiqdir. Şuşada dağıdılan hər şeyin yenidən qurulması çox sevindiricidir.
Bunu açıqlamasında Filippindən gələn səyyah Aimee Paragas deyib.
"Azərbaycana ilk səfərimdir. Düşünürəm ki, dövlət tərəfindən görülən bu işlər müharibənin yaralarını sağaldacaq. Qarabağda tikinti işlərinin bu cür sürətlə aparılması ürəkaçandır. Burada həm yeni binalar tikilir, həm də tarixi abidələr öz tarixiliyini saxlamaqla yenidən restavrasiya edilir", - deyə səyyah bildirib.
Qeyd edək ki, beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura iyunun 14-də başlayan səfərinə bu gün Şuşa şəhəri ilə yekun vurulub.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunub. (Report)
Xatırladaq ki, bu gecə Ermənistan yenidən təxribata əl atıb. Bu barədə Müdafiə Naziriliyi məlumat yayıb.
Belə ki, iyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.
Bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.