BAKI, 17 iyun - Sputnik. Bu gün görkəmli opera müğənnisi, Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımovanın doğum günüdür.
Dünya opera sənəti tarixində bu janrın tələblərinə uyğun ifa tərzi, yaratdığı bu və ya digər obrazı ilə tamaşaçıların yaddaşında qalan istedadlı müğənnilər çoxdur. Lakin təqdim etdiyi bütün obrazları öz varlığından keçirərək ruhu ilə onları canlandıran, sağlığında ikən əfsanələşən sənətkarlar azdır. Fidan Qasımova məhz belə sənətkarlardandır.
Onun gözəl tembri, intonasiya təmizliyi, güclü və zəngin çalarlı səsi uzun illərdir pərəstişkarlarının diqqətini cəlb edir. İfa zamanı dinləyici ilə məharətlə ünsiyyət quran Fidan Qasımovanın hər çıxışı tamaşaçı auditoriyası üçün böyük bayramdır. Yaşlı və gənc nəsildən olan dinləyicilərin sürəkli alqışları isə onu yeni yaradıcılıq uğurlarına istiqamətləndirir. Öz sənətini böyük məhəbbətlə sevən müğənni üçün bundan böyük xoşbəxtlik ola bilməz.
F.Qasımovanın yaratdığı unudulmaz obrazlar qalereyası - Dezdemona (“Otello”, C.Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san (“Toska”, “Turandot”, “Bohema”, “Çio-Çio-san”, C.Puççini), Mikaela (“Karmen”, C.Bize), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Marqarita (“Faust”, Ş.Quno), Sevil (“Sevil” F.Əmirov) və digərlərindən ibarətdir. Onun zəngin repertuarına Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi, rus bəstəkarlarından M.Qlinka, P.Çaykovski, S.Raxmaninov, Qərbi Avropa bəstəkarlarından A.Stradella, İ.S.Bax, G.F.Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də xalq mahnılarımız “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. daxildir.
Geniş konsert proqramları ilə dəfələrlə ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Meksika, Rusiya, Fransa, İtaliya, Danimarka, Kuba, Türkiyə və dünyanın digər ölkələrində qastrolda olan sənətçi musiqisevərləri heyran qoyub.
Klassik və müasir vokal sənətində uğurlu ifaya sənətçinin zövqü, intonasiya seçimi, ifa mədəniyyəti, məqamlardan istifadə bacarığı, ifa edilən əsərin üslubunu duymaq mühüm təsir göstərir. Bütün bu vasitələrdən düzgün istifadə, ifa üçün seçilmiş əsərdə qarşılaşdığı yeni üslubu dərhal mənimsəyərək tamaşaçıya uğurla çatdırmaq isə Fidan xanımın yaradıcılığının özünəməxsus keyfiyyətləridir.
Fidan Qasımova bu gün musiqi dünyasının Olimp zirvəsinə yüksəlmiş bir sənətkardır. Belə bir zirvə isə məhz böyük zəhmətlə daim öz üzərində çalışanlara nəsib olur. Tanrı vergisi olan məlahətli səsindən bacarıqla istifadə edən müğənni öz sənət yolunu düzgün müəyyənləşdirib. Təsadüfi deyil ki, XX əsrin məşhur dirijoru Y.Mravinski F.Qasımovanın səsinin vokal və texniki imkanlarının ona məhz opera, kamera müğənnisi olmaq imkanı verdiyini xüsusilə qeyd edib. Görkəmli bəstəkar Q.Qarayev sənət yoluna təzəcə qədəm qoymuş Fidanın səsini fleytanın incə səsinə bənzədib, maestro Niyazi isə onu parıltılı tünd mirvari daşla müqayisə edib. Hələ 20 yaşında gənc qızın maestro tərəfindən ona təklif edilmiş Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) yaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə A.Zeynallının “Ölkəm” mahnısını uğurla ifa etməsi vokal sənətinin körpə fidanının ilk səhnə triumflarından olub.
Məşhur operalardan ən çətin ariyalar F.Qasımovaya uğurlar gətirib. O, 1973-cü ildə İsveçrənin paytaxtı Cenevrədə keçirilmiş vokalistlərin beynəlxalq müsabiqəsinin finalında C.Puççininin “Bohema” operasından Miminin ariyası ilə Avropa musiqisevərlərini sehrləyib, münsiflər heyəti tərəfindən gümüş medala layiq görüb. Bir il sonra “Berlinqske Tidende” qəzetində gənc qızın ifası o dövrün əfsanəvi opera müğənnisi Mirella Freni ilə müqayisə edilib. F.Qasımova 1975-ci ildə Niderlandda beynəlxalq müsabiqədə iştirak edib, 1977-ci ildə İtaliyada musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülüb. Sənətçi beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.
Musiqi tənqidçiləri F.Qasımova haqqında “Maria Kallas və Renata Tibaldi kimi oxuyur” yazaraq müğənninin ifasından heyrətləndiklərini gizlətməyib, onun səs çalarını, səhnə mədəniyyətini, zahiri gözəlliyini, fitri istedadını, fərdiliyini xüsusilə qeyd edib, xarici mətbuat onun sənətini “Xəzər sahilindən olan möcüzə” və digər adlarla dəyərləndirib.
Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olub. Fidan və Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olublar.
Azərbaycanın (1983), SSRİ-nin (1988) Xalq artisti fəxri adlarına, Azərbaycan Dövlət mükafatına (1984) layiq görülüb. F.Qasımovanın əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb, “Şöhrət” (1997), “Şərəf” (2010) və “İstiqlal” (2017) ordenləri ilə təltif olunub.
Onun 2008-ci ildə “Besame mucho” adlı albomu buraxılıb. “Eta Production” studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı “Dünyanın 100 qadını” kitabına salınıb.
Bakı Musiqi Akademiyasının professoru F.Qasımova son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Onların arasında beynəlxalq müsabiqələr diplomantları və laureatları da az deyildir. Azərbaycan opera sənətinin fəxri olan müğənni Vətənini dünyanın ən möhtəşəm salonlarında uğurla təmsil edir və ustad dərsləri keçir.
Biz Fidan Qasımovanı ürəkdən təbrik edir, ona həyatda sağlamlıqla dolu günlər, bütün arzularına qovuşmasını və qazandığı uğurların bundan sonra da davam etməsini arzulayırıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.