BAKI, 17 iyun — Sputnik. Bu ilin 5 ayı ərzində 3323 nəfər narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib. Xəbərə görə, məsuliyyətə cəlb edilmiş şəxslərdən qərx üçü xarici ölkə vətəndaşıdır.
Bu il narkotiklərlə bağlı 5016 cinayət faktı aşkarlanıb
Cari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilik 5016 cinayət faktı aşkarlanıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, onlardan 1707-si narkotik vasitələrin qanunsuz satışı, 3185-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 96-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 28-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 765 kq 317,349 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 369 kq 279,554 qr-nı heroin, 1 ton 993 kq 649,769 qr-nı marixuana, 139 kq 597,411 qr-nı tiryək, 44 kq 235,402 qr-nı həşiş, 215 kq 818,084 qr-nı psixotrop maddələr, 2 kq 737,13 qr digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 27028 ədəd həb metadon, 5269 ədəd çətənə bitkisi,eləcə də 1 kq 026,568 qr, 4421 ədəd kapsul və 953 ədəd həb güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.