SƏHİYYƏ

Azərbaycanlı həkimlər niyə xaricə axın edir?

Səhiyyənin idarəetməsində olan problemlər, TƏBİB-in həkim kadrlara münasibəti də aəzrbaycanlı həkimlərin xaricə axınına səbəb olur.
Sputnik
BAKI, 17 iyun — Sputnik. Uzun illərdir ki, Almaniyada yaşayan azərbaycanlı həkimlərin sosial media şəbəkə hesablarında Azərbaycandan bu ölkəyə həkim axınının olduğu haqda paylaşımlar edilir. Almaniyada yaşayan "Helios Klinikum Siegburg"da həkim olaraq çalışan Elvin Hüseynov da bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib. Həkim paylaşımında qeyd edir ki, vəziyyət bu cür davam edərsə, yaxın 10-15 ildə Azərbaycanda tibb sektorunda faciəvi şəkildə kadr çatışmazlığı hiss olunacaq.
Son illər Azərbaycandan müxtəlif xarici ölkələrə işləmək üçün gedib orada qalan həkim axınının əsas səbəbi nədir və onlar nə üçün ölkəyə geri qayıtmırlar?
Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tibb təhsilinin ən yüksək mərhələsi rezidentura hesab edilir. Rezidentura sistemi yalnız icbari tibbi sığortanın kifayət qədər təşəkkül tapdığı ölkələrdə, xəstə bazasının çox olduğu yerlərdə effektiv olur. Onun sözlərinə görə, tələbələr daha çox xəstə görməlidir ki, işləri də effektivlik olsun.
"Hazırda ölkədə səhiyyə sektorunda müxtəlif islahatlar aparılır. Amma təəssüflər olsun ki, bu sahədə problemlər də var. Bizdə tibb təhsilini bitirənlər məcburdur ki, rezidentrura təhsili üçün başqa ölkələrə getsinlər. Bu ölkələr də əsasən Türkiyə və Almaniyadır. Həkimlərimizin bu ölkələrə daha çox üz tutmasının bəlli səbəbləri də var. Almaniyada müəyyən qədər həkim çatışmazlığı var, Tükiyə ilə dilimiz eyni, oxşarlıqlarımız çox olduğundan həkimlərimiz daha çox bu ölkələrə axın edir. Lakin Fransa, İngiltərə kimi ölkələrə də axın var".
Səhiyyə eksperti Adil Qeybulla
A.Qeybulla qeyd edir ki, xarici ölkədə işləmək və yaşamaq məqsədilə qalanlar üçün Azərbaycanda lazımi şərait yaratmalıyıq ki, onlar ölkəmizə qayıtsın.
Tibb üzrə digər ekspert İlqar Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məzunların rezidentura təhsili üçün xarici ölkələrə üz tutmasının səbəbi Azərbaycanda rezidentura təhsili almaq üçün müxtəlif istiqamətlər üzrə yerlərin az olmasıdır:

"Bu səbəbdən də həkimlərin əksəriyyəti ailə həkimi kimi fəaliyyətlərini davam etdirirlər. Lakin ailə həkiminin əməkhaqqı da kifayət qədər deyil. Ölkədə həkimlərin maaşı azdır. İstehlak məhsulları isə hər gün bahalaşır və bu şərait gəncləri qane etmir".

"Bundan başqa, səhiyyənin idarəetməsində də problemlər var. TƏBİB-in həkim kadrlara münasibətində də ciddi problemlər var. Həkimlərin axın etdikləri ölkələrdə isə onlar üçün geniş şəraitlər var, əməkhaqqı da yüksəkdir", - deyə həmsöhbətimiz əlavə edib.
Gənc həkimlərin 70 faizi xaricə gedir
Mütəxəssis bildirib ki, hazırda bölgələrimizdə həkim çatışmazlığı problemi yaşanır.
Qeyd edək ki, Almaniya mediasının araşdırmasına görə, son bir ildə ölkədə 1028 nəfər azərbaycanlı həkim çalışıb. İki il öncə həmin göstərici 877 nəfər olub. Bu da onu göstərir ki, son bir ildə işləmək üçün Almaniyaya gedən həkimlərin sayı artıb.
Ölkəmizdə həkimlərin sayı nə qədərdir?
2020-ci ilin əvvəlinə olan rəqəmlərə görə, ölkədə həkimlərin sayı 32,6 min nəfər idisə, ötən ilə dair rəqəmlərə görə, Azərbaycanda həkimlərin sayı 32 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinin ötən ilə dair açıqlanan məlumatında qeyd olunub. Statistika komitəsi bəzi sahələr üzrə ixtisaslaşmış həkimlərin də sayını açıqlayıb.
Belə ki, ölkədə həkimlərin 31,3 faizini terapevtlər, 25,3 faizini digər sahələrdə ixtisaslaşan həkimlər, 2,5 faizini epidemoloqlar, 5,6 faizini ginekoloqlar, 10 faizini pediatrlar, 4,7 faizini şüa-diaqnostika üzrə ixtisaslaşmış kadrlar, 10,3 faizini stomotoloqlar, 10,3 faizini cərrahlar təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
Bu gün Tibb İşçilərinin Peşə Bayramıdır