BAKI, 17 iyun - Sputnik. İyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşü olub.
***
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.
Qeyd edək ki, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan şəhərində görülən işlərlə tanış olub.
Əvvəlcə Rüstəm Minnixanova Zəngilan şəhərindəki Konqres Mərkəzinin tikintisi ilə bağlı məlumat verilib.
Bildirilib ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub. Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.
Qeyd olunub ki, ekoloji memarlıq konsepsiyasına əsasən Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə ediləcək. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.
Sonra Tatarıstanın Rəisi Zəngilan məscidinin tikintisi ilə tanış olub.
Bildirilib ki, Zəngilan məscidi “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunur. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı otuz il ərzində digər ərazilərimizdə olduğu kimi, Zəngilan rayonunda da tarixi, dini, mədəniyyət abidələrimiz vandalizmə məruz qalıb, dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən də tövlə kimi istifadə olunub. Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtulub.
Otuz ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir.
Məlumat verilib ki, Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 2021-ci il aprelin 26-da qoyulub, bərpa işləri fasiləsiz həyata keçirilir.
Tatarıstanın Rəisi Zəngilan şəhərini gəzərək ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.